Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2022-ci ilin 12-15 dekabr tarixlərində İstanbulda ÜST-ün Dərmanların Qiymətləndirilməsi və Ödəniş Platformasının (PPRI) Şərqi Avropa və Mərkəzi Asiya Bölməsinin 5-ci Toplantısı təşkil olunmuşdur. Analitik Ekspertiza Mərkəzinin əməkdaşları həmin tədbirdə iştirak edərək, Azərbaycan Respublikasını təmsil ediblər. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti də daxil olmaqla bir qrup iştirakçı Ankara şəhərində Türkiyə Cumhiriyyətinin əczaçılıq sahəsində tənzimləyici qurumu olan Türkiyə İlac və Tibbi Cihaz Qurumuna baş çəkmiş, dünyada ilk və yeganə olan Əczaçılıq İzləmə Sistemi və Məhsul İzləmə Sistemi ilə ətraflı tanış olmuşdular. Qeyd edək ki, nümayəndə heyəti əsasən Özbəkistan, Tacikistan, Qırğızıstan və Azərbaycan nümayəndələrindən ibarət olmuşdur. Bundan başqa, qurumun yaranma tarixi, təşkilati strukturu və fəaliyyət istiqamətləri haqqında geniş təqdimat keçirilmiş, ölkənin dərmanların qiymət siyasəti, kompensasiya prosesləri və əczaçılıq bazarının müzakirə edildiyi aktual suallar cavablandırılmışdır.
14-15 dekabrda İstanbulda toplantıya qatılan əməkdaşlarımız, Dərmanların Qiymətləndirilməsi və Ödəniş Platformasının (PPRI) Şərqi Avropa və Mərkəzi Asiya Bölməsinin 5 il ərzində gördüyü işlərin, əsas istiqamətləri və nailiyyətlərinin hesabatı ilə, eləcə də gələcək planlarını əks etdirən təqdimatla tanış olmuşdular. Bundan sonra dərman vasitələrinin qiymətləndirilməsi ilə əlaqəli müxtəlif istiqamətlərdə sessiyalarda iştiraklarını davam etdirmişdirlər. Xüsusilə, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində əczaçılıq siyasətinin inkişaf tendensiyaları və yenilikləri, eləcə də bu sahədə üzv ölkələrinin əməkdaşlığı sahəsində perspektivlərin müzakirəsi əhəmiyyətli olmuşdur.