Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi daim Ümumdünya Səhiyyə Təşkilatı ilə tibbin bütün sahələrində sıx əməkdaşlığını davam etdirir. Tibb sahəsində müasir inkişaf tendensiyalardan xəbərdar olmaq və yenilikləri Mərkəzin fəaliyyətində tətbiq etmək AEM rəhbərliyinin və mütəxəssislərin əsas məqsədlərindən biridir. AEM-in respublikamız adına daha bir uğurlu addımı ÜST-ün Bioloji preparatlar üzrə Milli Nəzarət Laboratoriyaları Şəbəkəsinə (WHO-National Control Laboratory (NCL) Network for Biologicals) üzv olmasıdır. Bioloji preparatlar üzrə Milli Nəzarət Laboratoriyaları Şəbəkəsi 2016-cı ildə ÜST-ün təşəbbüsü ilə Hollandiyada baş tutmuş növbəti müşavirəsində ÜST tərəfindən prekvalifikasiya edilmiş peyvəndlərin sınağından məsul 21 milli peyvənd nəzarəti laboratoriyasının nümayəndələri tərəfindən yaradılmışdır. ÜST-ün bu qurumu ilə əməkdaşlıq AEM-in Keyfiyyətin yoxlanılması Laboratoriyası üçün geniş təcrübə mübadiləsi imkanı verəcəkdir.