Avstriya Respublikasının Vyana şəhərində 01-06 mart 2020-ci il tarixlərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotik Vasitələr üzrə Komissiyasının 63-cü sessiyasında Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində Səhiyyə Nazirliyi adından nümayəndə kimi Analitik Ekspertiza Mərkəzinin əməkdaşı Pərviz Əzizbəyov iştirak etmişdir.
Sessiyada 13 adda yeni psixoaktiv maddənin BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il, “Psixotrop maddələr haqqında” 1971-ci il və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il Konvensiyalarının müvafiq siyahılarına əlavə olunması barədə Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən verilən arayışlar, eləcə də iqtisadi, sosial, hüquqi, inzibati və digər amillər, bu maddələrin psixoaktiv maddə qismində sui-istifadəsi, şüurun itirilməsinə, konvulsiyaya, ölümə, hallüsinasiyaya, ciddi risklərə, ürək probremlərinə, zəhərlənməyə, beyin fəaliyyətinin pozulmasına və digər təhlükəli və zərərli nəticələrə səbəb olması, habelə xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmaması nəzərə alınaraq Komissiya tərəfindən açıq səsvermə yolu və səs çoxluğu ilə qərar qəbul edilmişdir.
Digər məsələ Kannabisin tibbi və elmi məqsədlərlə istifadə edilməsi ilə bağlı ÜST tərəfindən verilən arayışların bəzi ölkələrin nümayəndələri tərəfindən yetərli sayılmadığı səbəbindən və bu məsələnin daha ətraflı öyrənilməsi məqsədilə Komissiya bu məsələnin cari ilin dekabr ayına kimi təxirə salınması barədə qərar qəbul edilmişdir.