Ümumdünya Səhiyyə Təşkilatının Uppsala Monitorinq Mərkəzi (Uppsala Monitoring Centre) tərəfindən 2024-cü ilin noyabrın 4-dən 10-dək, “MedSafetyWeek” yəni “Dərman təhlükəsizliyi həftəsi” elan edilib. Dərman vasitələri üzrə tənzimləyici qurumlar, dərman vasitələrinin əlavə təsirləri və onların bildirilməsi mövzusunda beynəlxalq səviyyədə keçirilən maarifləndirici sosial media kampaniyasında iştirak edir. Bu il keçirilən kampaniya eyni zamanda bir çox dərman vasitələrinin düzgün istifadə edilməsi ilə əlaqədardır və əsas məqsədlərindən biri əlavə təsirlərin bildirilməsinin bir neçə növ dərman qəbul edən pasiyentlərin bu xüsusda təhlükəsizliyinin təmin olunmasında vacib faktor olduğunu ictimaiyyətə mesaj verməkdir.
Tədqiqatlar göstərir ki, bütün əlavə təsirlərin təxminən yarısının qarşısı alına bilər. Xəstə təhlükəsizliyi bizim əsas prioritetimizdir və #MedSafetyWeek kampaniyası müddətində xəstələrə dərmanı qəbul edən zaman, tibb işçilərinə isə müalicə təyin etməzdən əvvəl diqqətli olmalarını xatırlatmaq istəyirik.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi hər il olduğu kimi bu il də keçirilən sosial media kampaniyasında iştirak edir və Bildiriş Kartı vasitəsi ilə əlavə təsirlərin bildirilməsinin əhəmiyyətini dəstəkləyir.
#MedSafetyWeek dünyanın 94 ölkəsindən 106 təşkilatı əhatə edəcək kompaniyadır və dərman vasitələrinə nəzarət edən səlahiyyətli orqanların birgə təşəbbüsüdür.

