Rusiyanın ən böyük dərman istehsalçıları Rusiyanın Sənaye və Ticarət Nazirliyinə xəbərdarlıq ediblər ki, onlar parasetamol və ibuprofen də daxil olmaqla bir sıra həyati vacib dərmanların istehsalından imtina edə bilərlər. Bundan başqa onlar bildiriblər ki, əsas dərmanlar siyahısına daxil edilmiş 50-dən çox beynəlxalq patentləşdirilməmiş adda dərman vasitəsinin istehsalından imtina edə bilərlər. Səbəb olaraq bildirilib ki, sözügedən dərmanların istehsalı gəlirsizdir və rublun düşməsi vəziyyəti daha da gərginləşdirib.
Bu barədə “Kommersant”, şirkətlərin müraciətinə istinadən xəbər verir. Söhbət parasetamol, qlükoza, ibuprofen, dimedrol və digər dərmanlardan gedir.
Xəbərdarlıq edən şirkətlər sırasında, yeddi əczaçılıq şirkəti, eləcə də Dalximfarm (Дальхимфарм), Ozon Farmasevtika (Озон фармацевтика), Biosintez (Биосинтез) və Farmstandart (Фармстандарт) da var. Onlar qərarlarını bu cür dərmanların maksimum icazə verilən qiymətinin aşağı olması və istehsalının mənfi rentabelliyi ilə izah edirlər.
Şirkətlərə görə, Biosintez tərəfindən istehsal olunan 20 tabletlik bir qutu parasetamol üçün icazə verilən maksimum qiymət 10,1 rubl, istehsal dəyəri isə 16,46 rubl təşkil edir. 20 tabletdən ibarət ibuprofen qutusunun qiyməti 12,05 rubldan çox olmamalıdır, lakin onun istehsalı şirkətə 17,21 rubla başa gəlir.
Mənbə: https://www.rbc.ru/society/21/04/2020/5e9e94929a794748bc8347f4