Vyetnamın Hanoy şəhərində Əczaçılıq Müfəttişlərinin 3-cü Beynəlxalq Forumu keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) nümayəndə heyəti iştirak edib.
Forumda əczaçılıq sahəsində tənzimləyici sistemlərin harmonizasiyası, institusional potensialın gücləndirilməsi, Etibarlı Tənzimləmə Təcrübəsi (GRP) prinsiplərinin tətbiqi və təftiş fəaliyyətinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Tədbir çərçivəsində beynəlxalq ekspertlər və müxtəlif ölkələrin tənzimləyici qurumlarının nümayəndələri GRP və GMP prinsipləri, riskəsaslı təftiş yanaşmaları, keyfiyyət idarəetmə sistemləri, eləcə də qan və plazma məhsulları, qabaqcıl terapiya dərman vasitələri (ATMP) və CAR-T preparatlarının istehsalı və keyfiyyətinə nəzarət üzrə təqdimatlarla çıxış ediblər.
Forum çərçivəsində bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Həmçinin “Bob Tribe Consulting” şirkətinin rəhbəri Bob Tribe ilə görüşdə Azərbaycanın Əczaçılıq Müfəttişliyi üzrə Əməkdaşlıq Sxeminə (PIC/S) üzvlük prosesi, bu istiqamətdə görülən işlər və mövcud hazırlıq vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Forumda əldə olunan təcrübənin milli tənzimləyici sistemdə tətbiqi, beynəlxalq standartlara uyğun təftiş fəaliyyətinin təkmilləşdirilməsi və Azərbaycanın PIC/S-ə üzvlük prosesinə hazırlıq işlərinin davam etdirilməsi nəzərdə tutulur.




