Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 13-15 noyabr 2023-cü il tarixlərində “Dərman vasitələrinin qeydiyyatı və tənzimləyici təcrübə – RegLek 2023” adlı Konfransı keçirilib. Konfransda MDB ölkələrindən Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Belarus Respublikası, Cənubi Amerika ölkələrindən isə Kuba, Dominikan Respublikası və Ekvadorun müvafiq qurumlarının nümayəndələri iştirak edib. Konfrans dərman vasitələrinin qeydiyyat prosesinin yenilikləri, həmçinin yerli zavodların istehsal fəaliyyətinin öyrənməsi məqsədilə təşkil olunub.
Konfransın ilk günündə Rusiya Səhiyyə Nazirliyinin “Dərman Məhsullarının Ekspertizası Elmi Mərkəzi” Federal Dövlət Büdcə Təşkilatının baş direktoru və bir sıra əczaçılıq şirkətlərinin nümayəndələri çıxış edib. Konfransın nəzəri hissəsindən sonra bir neçə istehsalçı şirkətərin fəaliyyəti ilə yerində tanışlıq olub. Ən çox satılan və yaxın gələcəkdə ixraca hazır olan məhsullara aid təqdimatlar nümayiş olunub. Həmçinin, istehsal sahəsinə baxış keçirilib və şirkətlərin mütəxəssisləri tərəfindən istehsal prosesi əyani şəkildə nümayiş etdirilib. Daha sonra, molekulun yaradılmasından sənaye istehsalının başlanmasına qədər istənilən bioloji dərmanın inkişafının tam dövrünü idarə etməyə qadir olan “Tədqiqat və inkişaf” Mərkəzi ilə tanışlıq olub. Burada mütəxəssislərin təqdimatında laboratoriya və istehsal sahəsinə baxış təşkil edilib.
İstehsal sahələrinə səfərlərdən sonra dəyirmi masa arxasında xarici tənzimləyici qurumların, ekspert təşkilatlarının və əczaçılıq sahəsinin nümayəndələri ilə müzakirələr aparılıb. Müzakirələr zamanı dərman vasitələrinin qeydiyyatı və tənzimləyici təcrübə mövzusunda MDB və Cənubi Amerika ölkələri arasında qeydiyyat prosesinin asanlaşdırılması, məlumatların ötürülməsi və ekspertlərin müzakirəsi üçün vahid sistemin yaradılması kimi təkliflər dəyərləndirilmişdir.
Qeyd edək ki, konfransda respublikamızı AEM-in Dərman vasitələrinin qeydiyyatı və ekspertizası şöbəsinin müdiri Həmid Qurbanov və həmin şöbənin mütəxəssisi Sevinc Əliyeva təmsil edib.