5 fevral 2025-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsində özəl müalicə-profilaktika müəssisələrinin nümayəndələri üçün “Özəl müalicə-profilaktika müəssisələrində farmakonəzarətin təşkili və idarə edilməsi. Əlavə təsir” mövzusunda növbəti təlim keçirildi. Təlimi giriş sözü ilə Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov açıq elan etdi. Təlim zamanı Mərkəzin Farmakonəzarət şöbəsinin baş mütəxəssisi Fidan Kamranlı qeyd olunan mövzu ilə bağlı hazırladığı təqdimatla çıxış edərək, aşağıdakı aspektləri iştirakçılara nəzərinə çatdırdı:
- Farmakonəzarət və onun əhəmiyyəti. Səhiyyə sistemində məqsədi və rolu.
- Farmakonəzarət üzrə beynəlxalq standartlar, qanunvericilik aktları və qaydaları.
- Farmakonəzarət üzrə məsul şəxs və ona qoyulan tələblər. İstehsalçıların, distribüterlərin və səhiyyə işçilərinin məsuliyyətləri və dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında bildirişlərin Mərkəzə təqdim edilməsi.
- Tibb və əczaçılıq işçilərinə farmakonəzarət qaydaları, yaranan əlavə təsirlərin qiymətləndirilməsi meyarlarının müəyyən edilməsi.
- Farmakonəzarət üzrə təlimin tibb müəssisələrində müntəzəm olaraq keçirilməsinin əhəmiyyəti.
- Bildiriş formasının doldurulması qaydaları, hesabatın təqdim edilmə tələbləri və təqdim edilməsi müddətləri.
- Onlayn olaraq əlavə təsir haqqında məlumatın göndərilmə yolu əyani olaraq iştirakçılara göstərildi.
- İştirakçılara bildiriş kartları paylandı və çalışma təqdim edildi. İştirakçılar əyani olaraq bildiriş kartlarını tərtib olunması göstərildi.
Təlimdə ümumilikdə 21 özəl müalicə-profilaktika müəssisəsindən 22 nümayəndə iştirak etdi. Təlim iştirakçılarının sualları cavablandırıldı və təcrübədən irəli gələn real nümunələrin təhlili də daxil olmaqla iştirakçılara əhatəli izah edildi.