11–12 iyun 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində V Beynəlxalq Özbəkistan Əczaçılıq Forumu keçirilib.
Əczaçılıq sənayesinin inkişafı, dərman vasitələrinin qeydiyyatı və tənzimlənməsi, innovativ texnologiyaların tətbiqi, farmakonəzarət sistemlərinin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələlərinə həsr olunmuş forumda müxtəlif ölkələrdən dövlət qurumlarının, beynəlxalq təşkilatların, əczaçılıq şirkətlərinin və ekspert icmalarının nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasını forumda Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Rəna Hüseynova, Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin qeydiyyatı-ekspertizası şöbəsinin müdiri Azər Həsənov, həmçinin Farmakonəzarət şöbəsinin eksperti Rəfiqə İbrahimova təmsil ediblər.
Forum çərçivəsində dərman vasitələrinin qeydiyyatı və ekspertizası sahəsində müasir yanaşmalar, əczaçılıq bazarının tənzimlənməsi, keyfiyyət təminatı sistemləri, farmakonəzarət mexanizmləri və regional əməkdaşlıq perspektivləri üzrə müzakirələr aparılır. Tədbir iştirakçıları həmçinin qabaqcıl beynəlxalq təcrübə ilə tanış olmaq və yeni əməkdaşlıq imkanı əldə edilib.
Azərbaycan nümayəndə heyətinin forumda iştirakı ölkəmizlə Özbəkistan Respublikası və digər tərəfdaş ölkələr arasında səhiyyə və əczaçılıq sahəsində əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinin genişlənməsinə və müvafiq sahələrdə əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcəkdir.


