Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində 20 may 2026-cı il tarixində Türkiyənin “EREM LABORATUVAR SAĞLIK MEDİKAL GIDA OTOMOTİV TURİZM TİC. LTD. ŞTİ.” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir.
Belə ki, görüş zamanı tibb vasitələri və bioloji fəallığa malik qida məhsulları sahəsində mövcud vəziyyət, bu istiqamətdə beynəlxalq təcrübə, eləcə də qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır. Tərəflər arasında aidiyyəti sahədə həyata keçirilən fəaliyyət istiqamətləri, keyfiyyət və təhlükəsizlik məsələləri, həmçinin məhsulların dövriyyəsinə dair mövcud tənzimləmə mexanizmləri müzakirə olunmuşdur.
Eyni zamanda, görüş çərçivəsində tibb vasitələri və bioloji fəallığa malik qida məhsullarının Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınması, ekspertiza prosedurları, təqdim edilməli sənədlər, habelə həmin məhsulların ölkə ərazisinə idxalı ilə bağlı qüvvədə olan qanunvericiliyin tələbləri qarşı tərəfin nümayəndələrinə ətraflı şəkildə izah edilmişdir. Bildirilib ki, məhsulların ölkə ərazisində dövriyyəsi və idxalı yalnız mövcud normativ hüquqi aktların tələblərinə uyğun şəkildə həyata keçirilə bilər.
Ümumilikdə, görüş işgüzar və konstruktiv şəraitdə keçmiş, tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə faydalı fikir mübadiləsi aparılmışdır.





