2–8 noyabr tarixlərində keçirilən builki qlobal #MedSafetyWeek kampaniyası insanları əlavə təsirləri görməzdən gəlməməyə və onlar barədə məlumat verməyə çağırır.
“Şübhəli əlavə təsirləri görməzdən gəlməyin, onlar barədə məlumat verin”-Kampaniyanın builki əsas şüarıdır.
Dərman vasitələri insanların həyatını xilas edir və milyonlarla insanın sağlamlığını yaxşılaşdırır. Bununla yanaşı, onların istifadəsi zamanı arzuolunmaz əlavə təsirlər ortaya çıxa bilir. Bu təsirlər qəfil və ya tədricən yarana, hətta dərman vasitəsinin uzunmüddətli istifadəsindən sonra da meydana çıxa bilər. Bəziləri aydın şəkildə müşahidə olunsa da, digərləri “səssiz” olur, heç bir aşkar əlamət vermədən yalnız müayinələr zamanı müəyyən edilir.
Analitik Ekspertiza Mərkəzi (AEM) bütün pasiyentləri və tibb işçilərini dərman vasitələrinin istifadəsi zamanı yarana biləcək bütün növ əlavə təsirlərə qarşı diqqətli olmağa və belə hallar barədə məlumat verməyə çağırır. Daxil olan bildirişlər dərman vasitələrinin təhlükəsizliyinin qiymətləndirilməsi üçün mühüm məlumat mənbəyidir və AEM kimi tənzimləyici qurumlara potensial risklərin vaxtında müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsində kömək edir.
“Əhalidən və tibb işçilərindən daxil olan bildirişlər dərman vasitələrinin təhlükəsizliyinə nəzarətdə mühüm rol oynayır. Hər bir bildiriş dərman vasitələrinin təhlükəsizliyinin təmin olunmasına və gələcəkdə digər insanların sağlamlığına zərər dəyməsinin qarşısını almağa kömək edə bilər”.
Yeni dərman vasitəsinin qəbuluna başladıqda, dozanı dəyişdikdə və ya eyni vaxtda digər dərman vasitələrindən, müəyyən qida məhsullarından, bitki mənşəli vasitələrdən istifadə etdikdə əlavə təsirlərin yaranma ehtimalı arta bilər. Buna görə də dərman vasitəsinin içlik vərəqəsini diqqətlə oxumaq və məlum əlavə təsirləri tibb işçisi ilə müzakirə etmək vacibdir.
Özünüzdə müşahidə etdiyiniz əlamətlərin dərman vasitəsinin əlavə təsiri ilə əlaqəli ola biləcəyini düşünürsünüzsə, bu barədə məlumat verin. Xüsusilə həmin əlamətlər gündəlik həyatınıza təsir göstərirsə, ciddi xarakter daşıyırsa və ya içlik vərəqəsində qeyd olunmayıbsa, onların bildirilməsi mühüm əhəmiyyət kəsb edir.
Əlavə təsir barədə məlumat vermək üçün əlamətin məhz dərman vasitəsindən qaynaqlandığına əmin olmaq lazım deyil. Şübhə olduqda belə məlumat vermək dərman vasitələrinin təhlükəsizliyinin daha yaxşı qiymətləndirilməsi üçün vacibdir.
“Əlavə təsirlər barədə məlumat vermək kiçik bir addım kimi görünə bilər, lakin bu, dərman vasitələrinin hər kəs üçün daha təhlükəsiz olması üçün böyük əhəmiyyət kəsb edir. Dərman vasitəsinin əlavə təsirə səbəb olduğundan şübhələnirsinizsə, bunu görməzdən gəlməyin – məlumat verin!”.
2026-cı ilin #MedSafetyWeek kampaniyası indiyədək keçirilən ən geniş miqyaslı kampaniya olacaq. 2–8 noyabr tarixlərində 130 ölkədən 140 təşkilat #MedSafetyWeek kampaniyasının çağırışlarını 60-dan çox dildə paylaşacaq.
Əlavə təsirləri görməzdən gəlməyin, onlar barədə məlumat verin.

