Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən İstanbul şəhərində, 2023-cü ilin dekabr ayında “Mikrob əleyhinə dərman vasitələrinin istifadəsi” (“Antimicrobial Medicine Consumption” (AMC)) mövzusunda konfrans-seminar təşkil olunub. Konfransda 30-a yaxın ölkədən, o cümlədən MDB, Balkan ölkələri, İsveçrə və Niderlanddan 32 nəfər nümayəndələr iştirak ediblər. Tədbirdə ölkəmizi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin nümayəndəsi Fariz Mahmudlu təmsil edib.
Təlimin birinci günü iştirakçı ölkələrin milli antibiotik proqramları və antibiotik istifadəsinin cari vəziyyəti haqqında məruzələr dinlənilib. Günün sonunda təlim iştirakçıları 5 qrupa bölünərək, hər bir qrupa növbəti günün müzakirəsi üçün antibiotiklərin səmərəli istifadəsi haqqında təkliflər hazırlanması tapşırılıb.
Konfransın ikinci günü mikrob əleyhinə dərman vasitələrinin səmərəli istifadəsi, əhali arasında təbliğatı və dünyada mövcud şəraitdə antibiotik istifadəsinin hansı metodlarla izlənməsi mövzusunda diskussiyalar keçirilib. İştirakçı ölkələrin hər təqdimatına beş dəqiqə vaxt ayrılıb və hər təqdimatın sonunda mövzu üzərində diskussiyalar aparılıb.
Konfransa ÜST-nin Avropa Regionu üzrə Dərman və tibb vasitələrinin təchizatı şöbəsinin texniki direktoru Kotoji İvamoto, və ekspertləri Ceyn Robertson və Arno Müller rəhbərlik edib.






