2023-cü ilin iyun ayında Almaniyanın Frankfurt şəhərində Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə “Peyvənd təhlükəsizliyi monitorinq sistemlərində keyfiyyət və məlumatların idarə edilməsi” mövzusunda subregional təlim-seminarı təşkil olunub. Təlimdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin eksperti Xalisə Əkbərova iştirak edib.
Təlimin məqsədi vaksinlərin təhlükəsizliyi və dövlət immunizasiya proqramları haqqında ətraflı məlumat verməklə yanaşı, immunizasiyada iştirak edən qurumlar arasında əməkdaşlığın genişləndirilməsi üçün münbit şəraitin yaradılması olub.
Seminarda 16 ölkədən (Azərbaycan, Albaniya, Belarusiya, Bosniya və Hersoqovina, Ermənistan, Gürcüstan, Qazaxstan, Kosovo, Qırğızıstan, Makedoniya, Monteneqro, Moldova, Serbiya, Özbəkistan, Tacikistan, Türkmənistan) 35 mütəxəssis iştirak edib. Həmçinin ÜST nümayəndələri, Paul Erlix İnstitutunun əməkdaşları, ÜST-ün Uppsala Monitorinq Mərkəzinin ekspertləri, Avropa Dərman Agentliyinin və ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin əməkdaşları da iştirakçılar arasında yer alıb.
İki dildə (rus və ingilis dili), yüksək səviyyədə təşkil olunmuş tədbirdə iştirakçı ölkələrdə peyvənd təhlükəsizliyi monitorinq sistemlərində problemli məsələlərin dəyirmi masalarda müzakirəsi aparılıb. Seminarda “Peyvənd təhlükəsizliyi monitorinqinin gücləndirilməsi”, “Peyvənd təhlükəsizliyinin monitorinqi üçün normativ baza. ÜST-ün Qlobal Müqayisə Aləti (GBI)”, “Təhlükəsizlik məlumatlarının kodlaşdırılması və təhlili üçün MedDRA lüğəti”, “İSƏT-in səbəb-nəticə əlaqəsinin qiymətləndirilməsi”, “Əhaliyə peyvəndlərin təhlükəsizliyinə dair risklərin və peyvəndlərin faydaları haqqında məlumatların bildirilməsi” və s. mövzularda təqdimatlar olunub. Həmçinin tədbir iştirakçılarına VigiLyze proqramı ilə keyfiyyət və kəmiyyət təhlilinin aparılması üzrə praktiki dərs keçirilib.
Seminarın sonuncu günündə Paul Erlix İnstitutuna ziyarət olunub və hər ölkə fəaliyyət planı hazırlayıb təqdimatlarla çıxış edib