Dərman vasitələrinin Tənzimləyici Qurumlarının Beynəlxalq Konfransı (ICDRAs) 1980-ci ildən etibarən, ÜST-ün üzv dövlətlərinin əczaçılıq sahəsinin tənzimləyici orqanları üçün əvəzsiz platformadır. Bu platforma həmçinin əczaçılıq sahəsində əməkdaşlığı təşviq edir və dərman vasitələrinin tənzimlənməsində prioritetləri müəyyənləşdirir. Bu konfranslar bütün dünyada tibb məhsullarının keyfiyyətinin, təhlükəsizliyinin, effektivliyinin artırılmasında mühüm rol oynayır.
Növbəti dəfə Dərman vasitələrinin Tənzimləyici Qurumlarının 19-cu Beynəlxalq Konfransına (ICDRA) 14 oktyabr 2024-cü il tarixində Dehlidə start verilib və 19 oktyabr 2024-cü il tarixi müddətində işini davam etdirəcək. Konfrans Dərman vasitələrinin standartlarının nəzarəti üzrə Mərkəzi Təşkilatın, Hindistanın Səhiyyə və Ailə rifahı Nazirliyinin, Hindistan Hökumətinin təşkilatçılığı və ÜST-ün dəstəyilə keçirilir.
Sözügedən beynəlxalq konfransda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzini, Baş direktor Murad Süleymanov və Dərman vasitələrinin təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayev təmsil edir.
İlk iki günü bütün maraqlı tərəflər üçün açıq, son üç gün yalnız dərman vasitələri üzrə milli və regional tənzimləyici orqanların nümayəndələri üçün nəzərdə tutulan Konfrans geniş müzakirələr, məlumat mübadiləsi və əməkdaşlıq strategiyalarının inkişafını vəd edir. Konfrans “Ağıllı Tənzimləmə: Keyfiyyətli tibb məhsullarının hər kəs üçün təminatının təşkili istiqamətində səylərin birləşdirilməsi” lozunqu ilə davam edir.