BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin direktoru Abdulla Əzizov noyabrın 24-də Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində olub. Qonaqları baş direktorun müavini Rafiq Xudayev qəbul edib.
AEM rəhbərliyi ilə səmimi ortamda baş verən görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün istiqamətləri ilə yanaşı, əczaçılıq sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyi müzakirə olunub. Dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin, həmçinin müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin “Elektron resept”in tətbiqi, dərman və tibb vasitələrinin qeydiyyat prosesi, dərman vasitələri üzərində nəzarətin gücləndirilməsinə xidmət edən “İzləmə və təqib” (“Track and trace”) proqarmının istifadəsi ilə bağlı fikir mübadiləsi aparılıb. İki qurum arasında əlaqələrin daha da genişləndirilməsi və perspektivləri müzakirə olunub. Qeyd olunub ki, Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı, əczaçılıq sektorunda da əməkdaşlığının qarşıdakı illərdə daha da möhkəmlənməsinə təkan verəcək.