Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən tibb müəssisələrinin işçilərinin bilik və bacarıqlarının artırılması çərçivəsində, özəl tibb müəssisələrinin personalı üçün silsilə təlimlərin keçirilməsi bu il də davam etdirilir. Növbəti təlim 26 aprel 2024-cü il tarixində baş tutub.
İlk təqdimat “Farmakonəzarət və onun məqsədləri”, “Farmakonəzarətin tarixçəsi”, “Əlavə təsirlər və əhəmiyyəti” mövzularını əhatə edib. Azərbaycan Respublikasında farmakonəzarətə dair mövcud qanunvericilik və bu qanunvericilik çərçivəsində Farmakonəzarət sisteminin fəaliyyəti haqqında həm nəzəri, həm də əyani məlumat verilib.
Dərman vasitələrinin daha təhlükəsiz və effektiv istifadəsinin təmin etmək üçün 157-dən çox ölkənin birləşdiyi ÜST-ün Beynəlxalq Dərman Monitorinqi Proqramına Azərbaycan Respublikasının da 2018-ci ildən tam hüquqlu üzvü olması xüsusi vurğulanıb. Analitik Ekspertiza Mərkəzinin tənzimləyici qurum olaraq pasiyentlər üçün risklərin azaltması, qlobal standartlar və farmakonəzarət sistemini qurmaq üçün milli səviyyədə fəaliyyət göstərməsi və dərman vasitələrinin istifadəsi ilə əlaqədar yaranan əlavə təsirlərinin aşkarlanması üçün beynəlxalq səviyyədə əməkdaşlıq etməsi qeyd olunub.
Təlimin ikinci hissəsi, “Tibb müəssisələrində dərman vasitələrinin saxlanmasına dair tələblər” mövzusunun təqdimatı ilə davam etdirilib. Xüsusilə, Mülki dövriyyəsi məhdudlaşdırılan dərman vasitələrinin saхlanılması qaydaları ardıcıl, detallı olaraq əyani nümunələrlə iştirakçıların nəzərinə çatdırılıb. Tibb müəssisələrində psixotrop maddələrin, narkotik vasitələrin hesabat kitabından, işlənmiş narkotik vasitələrin və psixotrop maddələrin məhv edilməsinə dair akt formalarına qədər bütün vacib mövzular incələnib, iştirakçılara təqdim edilib. Təlimin sonunda maarifləndirici müzakirələr aparılıb, həmçinin iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, mövzular AEM-in əməkdaşları Xalisə Əkbərova və Vəfa Əbilova tərəfindən təqdim edilib.