17–19 dekabr 2025-ci il tarixlərində Neftçala rayonunda yerləşən, tibbi yodun yerli istehsalçısı olan “İODİCO” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal sahəsində Etibarlı İstehsalat Təcrübəsi (GMP) üzrə üç günlük təlim proqramı həyata keçirilmişdir.
Təlim Analitik Ekspertiza Mərkəzinin aidiyyəti struktur bölmələrinin rəhbər və yüksək ixtisaslı mütəxəssisləri tərəfindən aparılmışdır. Təlimçilər qismində Etibarlı istehsalat təcrübəsi üzrə təftiş şöbəsinin müdiri Həmid Qurbanov, Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasının müdiri Çingiz Şükürov və Keyfiyyəti idarəetmə şöbəsinin müdiri Şamil Aydəmirov iştirak etmişdirlər.
Təlimin əsas məqsədi tibbi yod istehsalında keyfiyyətin, təhlükəsizliyin və istehsalat proseslərinin beynəlxalq tələblərə uyğunluğunun təmin edilməsi, müəssisə əməkdaşlarının bilik və praktiki bacarıqlarının artırılması olmuşdur.
Təlim proqramı çərçivəsində iştirakçılara Etibarlı İstehsalat Təcrübəsinin əsas prinsipləri, normativ-hüquqi tələblər və istehsalat proseslərinin düzgün təşkili barədə ətraflı məlumat təqdim olunmuşdur. Xüsusilə beynəlxalq tənzimləyici sənədlərə uyğun olaraq istehsalatın idarə edilməsi, risklərin müəyyənləşdirilməsi və qarşısının alınması mexanizmləri izah edilmişdir.
Təlim müxtəlif mövzuları əhatə etmişdir: Еtibarlı İstehsalat Təcrübəsinin ümumi prinsipləri və tətbiq sahələri; tibbi yodun fiziki-kimyəvi xüsusiyyətləri və istehsal zamanı yarana biləcək risklər; sənədləşmə sistemi, qeydiyyat və istehsalat proseslərinin izlənilə bilməsi; istehsalat sahələrinin layihələndirilməsi zamanı material və personal axınlarının düzgün təşkili; istehsal prosesinə nəzarət və prosesdaxili yoxlamalar; dərman vasitələrinin stabilliyi; Etibarlı İstehsalat Təcrübəsi – sahələr; Etibarlı İstehsalat Təcrübəsi – avadanlıq; təmizlənmə validasiyası, ümumi prinsipləri və tətbiq sahələri.
Təlim interaktiv formada təşkil edilmiş, real istehsalat mühitində rast gəlinə biləcək konkret situasion hallar müzakirə olunmuş, praktik nümunələr üzərindən izahatlar verilmişdir. Təlimin effektivliyinin ölçülməsi məqsədilə iştirakçılar üçün təlimdən əvvəl və sonra müvafiq bilik yoxlamaları keçirilmişdir.
Qeyd edilmişdir ki, yerli istehsalçıların Etibarlı İstehsalat Təcrübəsinin tələblərinə uyğun fəaliyyət göstərməsi əhalinin keyfiyyətli və təhlükəsiz tibbi məhsullarla təmin olunmasında mühüm rol oynayır. Bu baxımdan, yerli istehsala metodiki və institusional dəstəyin göstərilməsi, maarifləndirici və təlim xarakterli tədbirlərin davam etdirilməsi gələcək dövrdə də prioritet istiqamətlərdən biri olacaqdır.





