Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, “Health and Science Initiatives” MMC və “Health and Science Events”in birgə təşkilatçılığı ilə, aprelin 14-də “Tibbi tədqiqata necə başlamaq və onu necə aparmaq olar: İdeyadan nəşrə və nəzarətə qədər” mövzusunda əyani formatda elmi-praktiki konfrans keçirilib.
Konfransın məqsədi, tibbi təhsil tədris olunan müəssisələrin pedaqoji heyəti, elmi-tədqiqat institutlarının əməkdaşları və klinik tədqiqatçılara, tibbi tədqiqatların bütün mərhələləri – ideyanın formalaşdırılmasından başlayaraq məlumatların toplanması, təhlili, elmi məqalələrin hazırlanması və nəşri – haqqında nəzəri və praktiki biliklər qazandırmaq idi.
Tədbirə tibb sahəsində tanınmış mütəxəssislər, tədqiqatçılar və beynəlxalq təcrübəyə malik məruzəçilər qatılıb. Konfransın moderatorları arasında prof. Eldar Qarayev – Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri, prof. Rauf Bəylərov – ATU-nun I Uşaq xəstəlikləri kafedrasının müdiri, t.e.d. Azərbaycan Respublikasının əməkdar həkimi dos. Orxan İsayev, PhD – ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, Dr. Elmar Babayev, PhD – Kliniki əczaçı, Toksikologiya və biokimya üzrə mütəxəssis, İngiltərə Kral əczaçılar birliyinin üzvü, RPS of GB, pharmclub Azərbaycan əczaçılar ictimai birliyinin idarə heyətinin üzvü yer alıb. Konfrans aşağıdakı mövzuları əhatə edib:
- “Tibbi tədqiqat nədən başlayır, planlaşdırılması, məlumatların toplanması, işlənməsi və təhlili / Elmi məqalələrin hazırlanması və elmi yazı etikasının əsasları”– Dr. Mərziyyə Məmmədova / nevroloq, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu (ETTBİ), Kliniki-neyrofizioloji laboratoriyası, böyük elmi işçi, Etik Komitənin katibi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və Klinik Neyrofizologiya kafedrasının assistenti, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, “Health and Science Initiatives” MMC direktoru
- “Etibarlı Kliniki Təcrübənin (GCP) əsasları” – Dr. Jalə Ağayeva/PhD, Klinik Tədqiqatlar və Etibarlı Kliniki Təcrübə (GCP) üzrə mütəxəssis, dərman təhlükəsizliyi üzrə tibbi ekspert, Almaniya
- Klinik tədqiqatların ayrılmaz hissəsi olan farmakonəzarət sahəsi – Fərid Həsənov, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi, Farmakonəzarət şöbəsinin müdiri, Beynəlxalq Farmakonəzarət Cəmiyyətinin üzvü, Beynəlxalq Harmonizasiya Konfransının yerli müşahidəçi üzvü
- “Tədqiqatın dizaynı və etik məsələlər. Tibbi assosiasiyalar və onların klinik tədqiqatlarda və tövsiyələrin hazırlanmasında rolu”– Dr. Elşən Ağayev/MD – qulaq-burun-boğaz həkimi, allerqoloq, Klinik tədqiqatlar üzrə mütəxəssis, Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) sədr müavini, Almaniya
- Contract Research Organisation (CRO) olaraq Health and Science Initiatives şirkətinin təcrübəsi barədə – Dr. Mərziyyə Məmmədova
Konfrans interaktiv müzakirələr, rəqəmsal platformalar – o cümlədən allinus.az, REDCap, Google Forms, SPSS, R kimi proqram təminatları vasitəsilə zənginləşdirildi.
Bu tədbir tibbi elmi tədqiqatların beynəlxalq standartlara uyğunlaşdırılması və ölkəmizdə bu sahədə biliklərin artırılması istiqamətində mühüm addımdır.





