Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində (AEM) ölkəmizdə səfərdə olan Belarus Respublikası Səhiyyə Nazirinin müavini Aleksandr Starovoytov və “Belfarmprom Holdinqin İdarəetmə Şirkəti” Respublika Unitar Müəssisəsinin Baş direktoru İqor Mitrofanovla görüş keçirilib.
Səhiyyə Nazirliyinin nümayəndələri və AEM-nin əməkdaşlarının iştirakı ilə keçən görüşdə dərman vasitələrinin tənzimlənməsi və nəzarəti sahəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün təkliflərin hazırlanması, dərmanlara nəzarətin tənzimlənməsi sahəsində təşkilatlar arasında gələcək qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Sonda belaruslu qonaqlara Azərbaycanda tətbiqinə başlanılan “Elektron Resept Sistemi”nin təqdimatı keçirilib, qurumlararası əməkdaşlığın intensivləşməsinin vacibliyi vurğulanıb.