Analitik Ekspertiza Mərkəzinin nəzdnində 22.10.2021-ci il tarixli 91 nömrəli əmri ilə ictimai əsaslarda yaradılmış Elmi Şura Mərkəzin işçilərinin elmi-təşkilati və tədqiqat fəaliyyətinə rəhbərliyi həyata keçirir. Elmi Şuranın əsas məqsədləri, Mərkəzin işçilərinin elmi-tədqiqat işlərini ölkənin tibb və əczaçılıq sahəsinin mühüm problemlərinə, inkişaf dinamikasının yüksəldilməsinə doğru istiqamətləndirməkdir. Eləcə də Respublikamızda və xarici ölkələrdə tibb və əczaçılıq sahəsində elmi tədqiqat işlərinin təşkili və aparılması təcrübəsinin öyrənilməsi, elmi problemlərin müzakirəsinə həsr olunmuş tədbirlərin həyata keçirilməsi, elmi işlərin və layihələrin ekspertizasının təşkili və elmi nailiyyətləri özündə əks etdirən elmi əsərlərin, metodik tövsiyələrin hazırlanması və nəşr edilməsi məsələlərinin tənzimlənməsidir. Şuranın fəaliyyət istiqamətləri, vəzifə və hüquqları, fəaliyyətinin təşkili qaydaları 22 oktyabr 2021-ci il tarixli 91 nömrəli əmr ilə təsdiq edilmiş Elmi Şuranın Əsasnaməsi ilə müəyyən edilir.
Elmi şuranın iclaslarının keçirilmə tarixi və gündəliyi bir həftə öncədən müəyyənləşdirilir və üzvlərə katib tərəfindən məlumat verilir. Şuranın iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir. Şuranın tərkibi İdarəetmə heyətindən, Təhsil və innovasiya heyətindən, sədr və elmi katibdən ibarətdir. Şuranın fəaliyyətinə sədr rəhbərlik edir.
Şura öz səlahiyyətləri daxilində qərarlar qəbul edir. Bu qərarların icrası Mərkəzin bütün şöbə və sektorlarında, həmçinin laboratoriyasında, digər struktur bölmələrində çalışan işçilər üçün tövsiyə xarakteri daşıyır. Eyni zamanda Elmi Şuranın qərarları ilə Mərkəzin şöbələrinin fəaliyyəti Elmi şura ilə əlaqələndirilərək, bu xüsusda, məsələlər müzakirəyə çıxarılır və qərarlar əsasında Mərkəzin fəaliyyətinin elmi istiqamətləri müəyyən edilir.
İlk iclas 08.12.2021-ci il tarixində baş tutmuşdur. Şuranın yaradılmasının əhəmiyyəti, məqsədləri, gələcək planları müzakirə edilmişdir. Şöbə müdirlərinə tabeliyində olan tibb və əczaçılıq fəaliyyəti sahəsində elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan işçiləri müəyyənləşdirərək siyahını Elmi şuraya təqdim edilməsinin təmin edilməsi qərarı alınmışdır. Həmçinin əməkdaşların məqalələrinin Mərkəzin rəsmi saytında dərc edilməsi işinin təşkil olunması tapşırılmışdır. Elmi şuranın növbəti iclasında müzakirə olunması zəruri hesab edilən məsələlərin öncədən katibə göndərilməsi təklifi irəli sürülmüşdür.
Daha sonra mütəmadi olaraq, 4 iclas keçirilmiş, gündəmdə olan bir sıra məsələlər müzkirə olunmuşdur. Həmin iclaslarda EİT (GMP) təftişin zəruriliyi, sürətli qeydiyyatın qanunvericilikdə hansı şərtlərdə mümkün olması, AEM-in təşkilatlarda təmsil olunmasının daha da intensivləşdirilməsi, elmi məqalə yazan əməkdaşların mövzuya görə yönləndirilməsinə dəstək və s. kimi mühüm məsələlər müzakirə olunmuşdur və əsasnamədə nəzərdə tutulmuş qaydada protokollaşdırılmışdır.
Şuranın sonuncu qərarı ilə kistoz fibroz (KF) xəstəliyinin müalicəsində istifadə olunan dornase alfa tərkibli “Pulmozim” dərman vasitəsinin vacibliyi və əhəmiyyəti nəzərə alınaraq “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”na daxil edilməsi barədə Səhiyyə Nazirliyi qarşısında vəsasət qaldırılmışdır.