Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində (AEM) 27 noyabr 2024-cü il tarixində mərkəzin rəhbər heyəti ilə ölkəmizdə səfərdə olan Beynəlxalq Əczaçılıq Mühəndisliyi Cəmiyyətinin (ISPE) Asiya-Sakit Okean regionunda tənzimləmə məsələləri üzrə 18 il məsləhətçi kimi çalışmış, həmçinin Etibarlı İstehsalat Təcrübəsi (GMP) üzrə Tənzimləmə Orqanlarının məsləhətçisi Trayb Robert Vayn arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan ilə qlobal PIC/S tənzimləyici birliyi arasında səmərəli və konstruktiv əməkdaşlığın qurulması, PIC/S tələblərinə uyğunluğa nail olmaq üçün yol xəritəsinin hazırlanması, texniki dəstək və Azərbaycanın PIC/S-ə daimi üzvlük üçün müraciəti prosesinin istiqamətləndirilməsi məsələləri müzakirə edilib.
Məsləhətçinin səfərinin məqsədi Azərbaycanda mövcud əczaçılıq tənzimləmə və təftiş sistemini qiymətləndirmək, yerli qaydaları PIC/S standartlarına uyğunlaşdırmaq üçün tövsiyyələr vermək, AEM-in əczaçılıq məhsullarını yoxlamaq və sertifikatlaşdırmaq funksiyasını, müfəttişlərin və tənzimləyicilərin bacarıqlarını təkmilləşdirmək üçün təlimlər keçməkdir. Həmçinin, AEM-in işçi heyəti GMP auditlərinin aparılması, tənzimləmə və sınaq proseslərində məlumatların bütövlüyünün təmin edilməsi üzrə biliklər ilə təlimatlandırılacaq.
Bu səfər Azərbaycanın beynəlxalq tənzimləyici standartlara riayət etmək, səhiyyə standartlarını təkmilləşdirmək və qlobal bazara çıxış imkanlarını genişləndirmək öhdəliyini vurğulayır. Bu, həm də Azərbaycan dərman tənzimləyicisinin PIC/S-ə qoşulmasına zəmin yarada bilər ki, bu da ölkəmizin qlobal əczaçılıq birliyində nüfuzunun gücləndirilməsinə səbəb olacaq.





