Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin uzun illər ərzində peşəkar fəaliyyəti, zəngin təcrübəsi və məsuliyyətli əməyi ilə Mərkəzin inkişafına töhfə vermiş 5 dəyərli əməkdaşı yaşa görə təqaüdə yola salındı. AEM rəhbərliyinin iştirakı ilə Mərkəzin akt zalında keçirilən tədbirdə təqaüdə yola salınan əməkdaşlar haqqında çıxışlar edildi, onlara təşəkkürnamələr təqdim edildi.
Çıxışlar zamanı qeyd edildi ki, illər ərzində öz işinə böyük məsuliyyətlə yanaşan, peşəkarlığı, zəhmətsevərliyi, səmimiliyi və kollektivə sadiqliyi ilə seçilən əməkdaşlarımızın hər birinin Mərkəzin fəaliyyətində özünəməxsus yeri və rolu vardır. Onların fəaliyyəti yalnız görülən işlərlə deyil, formalaşdırdıqları zəngin təcrübə, bölüşdükləri bilik və gənc əməkdaşlara ötürdükləri peşə dəyərləri ilə də yadda qalacaq.
Bu gün təqaüdə yola saldığımız əməkdaşlarımız:
AEM-in Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasının analitiki Mələk Nəsirova 47 illik əmək fəaliyyətinin 20 ilini Mərkəzin inkişafına həsr edib.
AEM-in Təsərrüfat və təchizat şöbəsinin müdiri Bəhram Əsgərov da 46 illik ümumi əmək fəaliyyətinin son 8 ilini Mərkəzin təchizat sahəsində heç bir problem yaşamaması üçün çalışıb.
AEM-in Əməyin mühafizəsi üzrə mühəndisi Solmaz İmanova isə 52 illik ümumi əmək stajının 10 ilini Mərkəzin əməkdaşlarının gördüyü işlərin daha təhlükəsiz şəraitdə həyata keçirilməsinə həsr edib.
AEM-in Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasının daha bir əməkdaşı, yuyucu-sanitar Mətanət Babayeva 36 illik əmək fəaliyyətinin son 20 ilini Mərkəzdəki işinə sərf edib.
AEM-in Əczaçılıq müfəttişliyi şöbəsinin baş müfəttişi Rauf Əliyevin 42 illik ümumi əmək stajı var. Onun son 19 ilini R.Əliyev Mərkəz tərəfindən keçirilən yoxlamaların obyektivliyi və səmərəliliyi üçün çalışıb.
Bu insanların hər birinin uzun illər ərzində çəkdikləri zəhmət, peşələrinə bağlılığı və Mərkəzin fəaliyyətinə verdiyi töhfələr böyük hörmət və minnətdarlıqla xatırlanacaq. Çünki hər bir qurumun fəaliyyətindəki uğurun arxasında məhz belə insanların əməyi, təcrübəsi və fədakarlığı dayanır.
Əziz əməkdaşlarımız, Mərkəzin inkişafı üçün uzun illər ərzində çəkdiyiniz fədakar zəhmətə və işinizə sədaqətinizə görə hər birinizə təşəkkür edirik.
Sizə yeni həyat mərhələsində möhkəm can sağlığı, uzun ömür və xoş günlər arzulayırıq. Bundan sonrakı həyat yolunuzda doğmalarınızla birlikdə keçirdiyiniz günlər sevinc və rahatlıqla zəngin olsun. Əməyiniz, peşəkarlığınız və mərkəzin inkişafına verdiyiniz töhfələr hər zaman hörmət və minnətdarlıqla xatırlanacaq.










