Analitik Ekspertiza Mərkəzinin nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərində bir sıra aidiyyəti dövlət qurumları və əczaçılıq sektorunda fəaliyyət göstərən təşkilatlarla görüşlər keçirib. Səfərin əsas məqsədi dərman vasitələrinin təqib və izlənməsi sahəsində Türkiyənin qabaqcıl təcrübəsinin öyrənilməsi, rəqəmsal həllərin tətbiqi istiqamətində təcrübə mübadiləsinin aparılması və Azərbaycanda fəaliyyət göstərən “Dərman vasitələrinin təqib və izləmə sistemi”nin inkişaf etdirilməsi üzrə qarşılıqlı müzakirələrin keçirilməsi olub.
Səfər çərçivəsində Analitik Ekspertiza Mərkəzinin nümayəndə heyəti “Türkiyə İlaç ve Tıbbi Cihaz Kurumu” (TİTCK), Türkiyənin İlaç Takip Sistemi (İTS) üzrə texnoloji infrastrukturun qurulmasında və sistemin texniki həllərinin hazırlanmasında mühüm rol oynayan “TC Health” şirkətini və Türkiyənin ən böyük topdansatış əczaçılıq müəssisələrindən biri olan “Selçuk Ecza Deposu”nu ziyarət edib. Keçirilən görüşlər zamanı dərman vasitələrinin istehsalçıdan son istehlakçıya qədər hərəkətinin izlənilməsi, əczaçılıq təchizat zəncirində şəffaflığın təmin edilməsi, rəqəmsal məlumat mübadiləsi və müvafiq informasiya sistemlərinin effektiv idarə olunması ilə bağlı Türkiyədə tətbiq edilən mexanizmlər barədə fikir mübadiləsi aparılıb.
Görüşlərdə dərman vasitələrinin təqib və izlənməsi sisteminin müxtəlif iştirakçıları arasında məlumat mübadiləsinin təşkili, sistemdə məlumatların düzgünlüyünün və tamlığının təmin edilməsi, dərman vasitələrinin hərəkətinin izlənilməsi, eləcə də risklərin idarə olunması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Səfərin mühüm nəticələrindən biri Analitik Ekspertiza Mərkəzi ilə Türkiyə İlaç ve Tıbbi Cihaz Kurumu (TİTCK) arasında əməkdaşlıq haqqında Memorandum layihəsinin hazırlanması olub. Hazırlanmış layihənin qarşılıqlı razılaşdırıldıqdan sonra yaxın gələcəkdə tərəflər arasında imzalanması nəzərdə tutulur. Memorandumun imzalanması ilə dərman vasitələrinin təqib və izlənməsi, əczaçılıq məhsullarının dövriyyəsinə nəzarət, rəqəmsal texnologiyaların tətbiqi, məlumat və təcrübə mübadiləsi, həmçinin müvafiq sahədə qarşılıqlı əməkdaşlığın institusional əsaslarının daha da gücləndirilməsi üçün yeni imkanların yaradılması gözlənilir.


