24 iyul 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin akt zalında Mərkəzin əməkdaşları ilə Azərbaycanda fəaliyyət göstərən və aptek şəbəkələrinə malik bir sıra iri əczaçılıq şirkətlərinin rəhbərliyi arasında görüş keçirilmişdir. Görüş dərman vasitələrinin dövriyyəsi zamanı Dərman Vasitələrinin Təqib və İzləmə Sistemindən istifadə prosesində Mərkəzin əməkdaşları tərəfindən aşkar edilmiş nöqsanlarla əlaqədar təşkil olunmuşdur.
Görüşdə Sistemdən istifadə zamanı bu günə yol verilən ciddi problemlər barədə ətraflı məlumatlar verilmiş, gələcəkdə baş verə biləcək ciddi nöqsanların olmaması üçün görülməli olan mühüm tədbirlərlə bağlı müzakirələr aparılmışdır. Müzakirələr həm topdansatış müəssisəsini, həm də müəssisəyə aid olan aptekləri əhatə edəcək şəkildə aparılmışdır. Tədbir zamanıTəqib və İzləmə sisteminin mahiyyəti və məqsədi bir daha ətraflı şəkildə şirkət nümayəndələrinə izah edilmişdir. İstehsalçıdan son istehlakçıya qədər uzun zəncirin mühüm hissələrindən olan topdansatış müəssisələrinin Sistemdən düzgün və dəqiq istifadə etməsi, tələblərin və məlumat mübadiləsinin pozulmaması üçün birbaşa nəzarət mexanizmlərinin qurulması şirkətlərin prioritet və bu gün üçün başda duran əsas məsələlərindən biri olması onlara aydın şəkildə bildirilmişdir.
Görüş zamanı hazırda şirkətlər tərəfindən sistemin istifadəsindəki uyğunsuzluqlar, bunların yarada biləcəyi ciddi fəsadlar və onların aradan qaldırılması yolları diqqətə çatdırılmış, şirkətlərdən tabeliklərində olan müəssisələrə bir daha Təqib və İzləmə Sistemindən təlimata uyğun və düzgün istifadə edilməsi ilə bağlı xəbərdarlıq olunması tələb edilmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən müvafiq cavablar verilmişdir.






