Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 dekabr tarixli 375 nömrəli Qərarı ilə yeni redaksiyada verilmişdir. (https://e-qanun.az/framework/60972#QAYDA)
Qanunvericilikdə edilən dəyişikliklərə əsasən, 1 iyun 2026-cı il tarixindən etibarən istehsalçı və ya onun müvəkkil etdiyi şəxs (bundan sonra – ərizəçi) tərəfindən bioloji aktiv qida məhsullarının ekspertizası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinə (bundan sonra – Qurum) sənədlərin qəbulu dayandırılır. Ərizəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddəti”nin 8.6-cı bəndində qeyd edilən sənəd və məlumatları Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (bundan sonra – Agentlik) təqdim edir. Həmin sənədlər və məlumatlar Agentliyin “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi ilə “Elektron Hökumət İnformasiya Sistemi” vasitəsilə ötürüldükdən sonra 2 (iki) iş günü müddətində ərizəçiyə bu barədə bildiriş təqdim edilir. Bundan sonra Qurum tərəfindən müqavilə tərtib edilir və ərizəçinin imzalaması üçün Nazirlik tərəfindən Vahid Səhiyyə informasiya sisteminə yerləşdirilir. Müqavilə imzalandıqdan və müqavilə üzrə ödənişin həyata keçirilməsini təsdiq edən sənəd ərizəçi tərəfindən 3 (üç) iş günü müddətində Vahid Səhiyyə informasiya sisteminə yerləşdirildikdən sonra məhsulun satış üçün nəzərdə tutulmuş 3 (üç) ədəd nümunəsi Quruma təqdim edilir və ekspertiza həyata keçirilir.
Ekspertiza ərizəçi tərəfindən müqavilə üzrə ödənişi təsdiq edən sənəd və məhsul nümunəsi Quruma təqdim edildikdən sonra 15 (on beş) iş günü müddətində həyata keçirilir. Həmin müddət ekspertizanın aparılmasında əlavə araşdırmaya zərurət yarandığı hallarda 10 (on) iş günündən çox olmayan müddətə uzadıla bilər.

