Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Azərbaycan Milli Antidopinq Agentliyi” (AMADA) tərəfindən 12 noyabr 2025-ci il tarixində “Qadağan olunmuş maddələrlə mübarizədə qurumlararası əməkdaşlığın perspektivləri” mövzusunda qapalı dəyirmi masa keçirilib. Bir gün sonra eyni qurum tərəfindən 13 noyabr 2025-ci il tarixində “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” mövzusunda Konstitusiya və Suverenlik ilinə həsr olunmuş beynəlxalq konfrans təşkil olundu.
Hər iki tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin, Gənclər və İdman Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və AMADA-nın əməkdaşları iştirak ediblər. Tədbirlərdə AEM-i Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov, Mülki dövriyyəsi məhdudlaşdırılmış dərman vasitələri ilə iş sektorunun müdiri Elvar İsrafilov və Dərman vasitələrinin təqib və izləmə şöbəsinin baş mütəxəssisi (tibb üzrə) Elvin Nağıyev təmsil etdilər.
12 noyabr 2025-ci ildə baş tutan ilk tədbir AMADA-nın İcraçı direktoru Təhminə Tağızadənin giriş sözü ilə açıq elan edildi. Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədovun nazirlik adından nitqi dinlədildikdən sonra təbdir iştirakçılarına dəyirmi masanın məqsədi və “Konstitusiya və Suverenlik İli” çərçivəsində onun əhəmiyyəti barədə məlumat verildi. Dəyirmi masa zamanı yeni qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində AMADA-nın icraçı qurum kimi rolu barədə söhbət açıldı.
Tədbir zamanı, həmçinin, qadağan edilmiş maddələrə qarşı mübarizədə təhqiqatların həlledici roluna dair çıxış zamanı Antidopinq Qaydası Pozuntularını, statistik göstəriciləri və antidopinq təhqiqatlarının dəyişən mənzərəsinin təsviri verildi, Yeni “Təhqiqatlar üzrə Beynəlxalq Standart” (2027); təhqiqat potensialının gücləndirilməsi məqsədilə WADA-nın yerli hüquq-mühafizə orqanları və/ və ya hökumətlərlə əməkdaşlığı barədə danışıldı.
Bundan əlavə, iştirakçılara Almaniya Antidopinq Agentliyi (NADA Germany) ilə hüquq-mühafizə orqanları arasında əməkdaşlıq barədə çıxış/ təqdimat, Almaniyada mövcud olan təcrübənin təsviri, Polşa Antidopinq Agentliyi (POLADA) ilə hüquq-mühafizə orqanları arasında əməkdaşlıq barədə çıxış/ təqdimat, Polşada mövcud olan təcrübənin təsviri və “Sportradar” şirkətinin fəaliyyəti, iş istiqamətləri, tərəfdaşları və nailiyyətləri mövzularda təqdimatlar nümayiş olundu.
Tədbirin ilk gününün yekununda dövlət qurumlarının nümayəndələrinin çıxışları dinlənildi, əməkdaşlığın gücləndirilməsi istiqamətində, həmçinin resursların birləşdirilməsi, bilik və təcrübə mübadiləsi, ən yaxşı beynəlxalq təcrübələrdən faydalanmaq istiqamətində geniş müzakirələr aparıldı və iştirakçıların sualları cavablandırıldı.
13 noyabr 2025-ci il tarixində keçirilən beynəlxalq konfrans da AMADA-nın İcraçı direktoru Təhminə Tağızadənin çıxışı ilə açıldı. “Konstitusiyanın Qəbul Olunmasının 30 İli – Ədalət və Dürüst Yarış” adlı konfrans zamanı “AMADA-nın illik hesabatı: Dürüstlük və Ədalətli Yarış Prinsiplərinin Gücləndirilməsi”, AMADA-nın 2025-ci il üzrə fəaliyyətinin əsas məqamları, statistika və 2026–2030-cu illər üçün strateji prioritetlər barədə təqdimatlar dinlənildi. Daha sonra birinci plenar panel zamanı: “İdmanda Hüququn Aliliyi: Yeni Antidopinq Qaydalarının Formalaşması” zamanı WADA Məcəlləsində yeniliklər, hüquqi uyğunluq, prosedurların harmonizasiyası və s. barədə müzakirələrə geniş yer verildi. İkinci plenar panel də olduqca maraqlı keçdi. “Daha Ədalətli Yarış Uğrunda: İdmanda İnsan Hüquqları və Ədalət” mövzusu ətrafında ədalətli dinləmələr, sanksiyaların proporsionallığı, yetkinlik yaşına çatmayan idmançıların müdafiəsi və s. barədə maraqlı müzakirələr aparıldı.


