Mərkəzin Laboratoriyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin (bundan sonra – Mərkəz) struktur bölməsi kimi, ölkə daxilində istehsal olunan, idxal edilən, tibb sahəsində istifadə olunan və daxili bazarda satış üçün nəzərdə tutulan tibbi və dərman vasitələrinin ekspertizasını və sınaqlarını həyata keçirir.
Laboratoriya həmçinin, AZS İSO/İEC 17025:2020 — “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartı üzrə akkreditasiyadan keçmişdir.
2017-ci ildə laboratoriya Tacikistan Respublikasının Project HOPE təşkilatı və Əczaçılıq Monitorinq Xidməti tərəfindən İSO/İEC 17025 standartına uyğun akkreditə edilmiş laboratoriyalar arasında keçirilmiş tenderin qalibi seçilmişdir. Bağlanmış müqaviləyə əsasən laboratoriya HİV/AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Proqram Layihəsinə daxil olan dərman vasitələrinin analizini həyata keçirmişdir.
2014-cü ildən etibarən Mərkəzin laboratoriyası Avropa Dərman və Tibbi Vasitələrin Keyfiyyət Direktorluğu (EDQM) tərəfindən təşkil olunmuş Peşəkarlığın Yoxlanılması Proqramında (PTS) iştirak edir.
2021-ci ildə Mərkəzin laboratoriyası aşağıdakı mövzularda peşəkarlıq sınaqlarında iştirak etmişdir: “Volumetrik titrləmə, vizual və potenssiometrik son nöqtənin təyini – potenssiometrik titrləmə”, “Qaz xromatoqrafiyası (Ph. Eur. 2.2.28, FID) – Alovlu İonizasiya Detektoru vasitəsilə təyini”, “Nisbi sıxlıq (Ph. Eur. 2.2.5) – mayelərdə sıxlığın təyini”, “Maye xromatoqrafiya, miqdarı təyini (Ph. Eur. 2.2.29)” və “Həllolma testi (Ph. Eur. 2.9.3) – həllolma miqdarının təyini”.
2022-ci ildə Mərkəzin laboratoriyası aşağıdakı mövzularda peşəkarlıq sınaqlarında iştirak etmişdir: PTS225 Optik fırlanma (Ph. Eur. 2.2.7), PTS226 Maye xromatoqrafiya (Ph. Eur. 2.2.29) və PTS228 İşığın sındırma əmsalının təyini (Ph. Eur. 2.2.6).
2023-cü ildə Mərkəzin laboratoriyası aşağıdakı mövzularda peşəkarlıq sınaqlarında iştirak etmişdir: PTS237 Həllolma testi (Ph. Eur. 2.9.3), PTS239 Nazik təbəqəli xromatoqrafiya (Ph. Eur. 2.2.27) və PTS235 Suyun yarı-mikro üsulla təyini (Ph. Eur. 2.5.12).
2024-cü ildə Mərkəzin laboratoriyası aşağıdakı mövzularda peşəkarlıq sınaqlarında iştirak etmişdir: PTS245 UB-Görünən işıqda Spektrofotometriya (Ph. Eur. 2.2.25), PTS247 Qurutduqda çəkidə itki (Ph. Eur. 2.5.32), PTS246 Elektrik keçiriciliyi (Ph. Eur. 2.2.38), PTS248 Maye xromatoqrafiya (Ph. Eur. 2.2.29, RP C-8, UB deteksiya) və PTS249 Həllolma testi (Ph. Eur. 2.9.3, səbət aparatı, UB deteksiya və Ph. Eur. 2.9.5).
2025-ci ildə Mərkəzin laboratoriyası aşağıdakı mövzularda peşəkarlıq sınaqlarında iştirak etmişdir: PTS255 Potensiometriya üsulu ilə pH təyini (Ph. Eur. 2.2.3), PTS256 Maye xromatoqrafiya (Ph. Eur. 2.2.29), PTS257 Həllolma testi (Ph. Eur. 2.9.3) və PTS258 Qaz xromatoqrafiyası (Ph. Eur. 2.2.28, FID) – maddənin Alovlu İonizasiya Detektoru vasitəsilə təyini.
Laboratoriya dərman vasitələrinin tərkibindəki əlavə qarışıqların (impurities) təyinini yerinə yetirir. Laboratoriya Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) daxil olan məlumatları diqqətlə nəzərə alaraq, həmçinin, şərbət və məhlul şəklində daxilə qəbul üçün nəzərdə tutulan dərman vasitələrində etilenqlikol və dietilenqlikolun təyinini həyata keçirmişdir. Sınaq nümunələrinin analizini ÜST-nın tövsiyələrinə uyğun aparır və nəticələri müvafiq qurumlara təqdim edir.
Mərkəzin laboratoriyasında Azərbaycan Tibb Universitetinin IV kurs tələbələri üçün istehsalat təcrübəsi keçirilir, aspirant, magistrant və doktorantların müxtəlif mövzularda elmi işləri ilə əlaqədar tədqiqatlar aparılır.
Laboratoriyanın modernləşdirilməsinə start verilmiş, layihə müvafiq ekspertlərlə razılaşdırılaraq hazırlanmışdır.

