Ölkəmizdə səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Təbii ki, bu da dövlətimizin vətəndaş amilinə verdyi dəyərdən irəli gəlir. İnsanların sağlam, əmin-amanlıq şəraitində yaşaması dövlətin siyasətində əsas yer tutur.Belə ki, atılan addımlar, həyata keçirilən məqsədyönlü siyasət bu sahəni keyfiyyət və kəmiyyət gösəriciləri ilə zənginləşdirmiş, səhiyyə sektorunun inkişaf etdirilməsini prioritet olaraq saxlamışdır.
Səhiyyənin mövcud potensialından maksimum səmərəli istifadə etməklə əhalinin sağlamlığının qorunması işini daha da yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Baş Prokrorluğu və Dövlət Təhlükəsizlik Xidməti ilə daim əməkdaşlıq edir. AR Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsində keyfiyyətli və təhlükəsiz səhiyyənin təmin edilməsi üçün lisenziyasız, Səhiyyə Nazirliyinin Sertifikasiyasından keçməyən, vətəndaşların vəziyyətindən və öz səlahiyyətlərindən sui istifadə edən həkimlərlə daim mübarizə aparır. Bununla yanaşı səhiyyənin ayrılmaz hissəsi olan əczaçılıq sahəsi də daim diqqət mərkəzindədir. SN və Analitik Ekspertiza Mərkəzinin əməkdaşları bərabər olaraq keyfiyyət sertifikatı olmayan, dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı və tibdə istifadə hallarının qarşısını almaq məqsədi ilə mütəmadi olaraq yerlərdə araşdırmalar aparır. Artıq bildiyiniz kimi, bu günlərdə də əməkdaşlarımızın AR Baş Prokrorluğu və DTX-nin birgə fəaliyyəti nəticəsində bir neçə sahibkarın uzun müddət ərzində mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirib satışını təşkil etmələri müəyyən edilib. Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan həmin sahibkarların inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib.
Belə hallara qarşı mübarizədə hər bir vətəndaşımızın köməyi vacib və əhəmiyyətlidir. Vətəndaşlar tərəfindən edilən müraciətlər nəzərə alınır və bu müraciətlər bu cür qanunsuzluqların üzə çıxarılmasında əhəmiyyətli rol oynayır. Aşkarlanan faktlar tərəfimizdən araşdırılır, onların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülür və bu işlər davam etdirilir.