Artıq 3 ildir ki, 8 noyabr tarixi dünyanın hər yerində yaşayan azərbaycanlılar və ümumiyyətlə türk dünyası üçün əlamətdar bir tarixə çevrilib. Sentyabrın 27-də erməni silahlı birləşmələri 30 ildir ki, davam edən təxribatçı addımlarından əl çəkməyərək, daha bir təxribat törətdilər. Onlar, cəbhə boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdular. Ölkə Prezidenti, Ali Baş komandan İlham Əliyevin əmri ilə ordumuz cavab tədbirlərinə başladı və tarixə 44 günlük müharibə kimi düşən bir qələbə epopeyasının əsası qoyuldu. Noyabrın 8-də ordumuz Azərbaycanın incisi olan Şuşa şəhərini işğaldan azad etdi, iki gün sonra isə Ermənistan daha döyüşə bilməyəcəyini görüb, faktiki olaraq, kapitulyasiya aktını imzaladı. Ölkə Prezidenti İlham Əliyevin qərarı ilə 8 noyabr Zəfər Günü kimi ölkəmizdə bayram edilməyə başlandı.
Bu tarixi bayram Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində də qeyd edilib. Tədbirdə ordumuzun rəşadətli addımlarından söz açıldı, İlham Əliyevin rəhbərliyi ilə xalqımızı qəhrəman oğullarının tarix yazmalarının əhəmiyyəti barədə danışılıb. Həmçinin, tədbir zamanı 44 günlük müharibədə iştirak edən AEM əməkdaşları da öz döyüş xatirələrini bölüşdülər.
Sonda tədbir iştirakçılarına mədəniyyət paytaxtımızın düşmən işğalından azad olunmasına həsr edilən “Şuşa” sənədli filmi nümayiş edilib.