Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2019-cu il 503 saylı Farmakonəzarət qaydalarının farmakonəzarətlə bağlı baza təlimlərin keçirilməsi müddəalarını əsas tutaraq, farmakonəzarət üzrə məsul şəxslərə metodiki yardımın göstərilməsi məqsədilə, 2023-cü ilin 16-17 may tarixlərində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində AEM və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə əməkdaşlığı ilə “Farmakonəzarət üzrə əsas təlim” təşkil olunmuşdur.
Təlimdə AEM-in Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov, şöbənin əməkdaşları Xalisə Əkbərova, Rəfiqə İbrahimova, Fəridə Aslanlı, eləcə də TƏBİB-in nümayəndələri Elmin Quliyev, Sevda İbrahimova və Firuzə Allahquliyeva məruzəçi qismində təqdimatla çıxış ediblər. Respublikamızın müxtəlif regionlarını da əhatə edən 32 tibb müəssisəsindən farmakonəzarət üzrə məsul şəxslər təlimdə iştirak etmiş, onlara Farmakonəzarət və onun məqsədləri, farmakonəzarətin tarixçəsi, ÜST-ün Beynəlxalq Dərman Monitorinqi Proqramı, Azərbaycan Respublikasında farmakonəzarətə dair mövcud qanunvericilik və farmakonəzarət sistemi, əlavə təsirlər və əhəmiyyəti, əlavə təsirlərin göndərilmə üsulları, əlavə təsirlərin klassifikasiyası, immunizasiyadan sonra yaranan əlavə təsirlərin kliniki idarə olunması və s. mühüm mövzular haqqında məlumat verilmişdir. Həmçinin bildiriş kartlarının doldurulması, onlayn bildirişin necə göndərilməsi, ÜST-ün VigiFlow sisteminə bildirişlərin işlənməsi, VigiFlow, VigiLyze, VigiBase-də məlumatların kodlaşdırılması kimi mühüm əməliyyatlar praktik şəkildə təlim iştirakçılarına nümayiş olunmuşdur. İştirakçıların sualları cavablandırılmış, müzakirələr aparılmışdır.
Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunmuşdur.