Ukrayna Respublikasının Səhiyyə Nazirliyinin Dövlət Ekspertiza Mərkəzinin yüksək vəzifəli əməkdaşları AEM-də qonaq olublar.

2019-05-27

   MDB məkanında Azərbaycanın əsas strateji müttəfiqlərindən biri Ukraynadır. Azərbaycan xalqı ilə Ukrayna xalqları arasında sıx münasibətlər tarixən mövcud olub və bu gün də davam edir.  Azərbaycanla Ukrayna arasında nə dəniz, nə də quru sərhədlərin olmamasına baxmayaraq, iki ölkə arasındakı strateji müttəfiqlik münasibətləri durmadan möhkəmlənir və genişlənir.  Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 31 yanvar 1992-ci ildə qurulub. 1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Ukraynada səfirliyi açılmışdır. Bu münasibətlərdən qaynaqlanaraq Azərbaycan Respublikası ilə Ukrayna Respublikası arasında bir çox sahələrdə - ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, enerji, elm-təhsil, turizm, kənd-təsərrüfatı, mədəniyyət, metro, aviasiya, əczaçılıq və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq perspektivli şəkildə inkişaf etməkdədir.
   Analitik Ekspertiza Mərkəzi ölkələrimiz arasında əczaçılıq sahəsində olan əməkdaşlığını və təcrübə mübadiləsini artırmaq məqsədilə Ukrayna Respublikasının Səhiyyə Nazirliyinin Dövlət Ekspertiza Mərkəzinin bir sıra əməkdaşını dəvət etmişdir. Kliniki məsələlər üzrə direktor müavini Lyudmila Kovtun, Qeydiyyat məsələləri üzrə direktor müavini Konstantin Kuzmenko, Laborator və kliniki audit üzrə şöbə müdiri Sergey Rasputnyak və Bioekvivalentlik ekspertizası üzrə şöbə müdiri Nadejda Jukova 2019-cu ilin 21-24 may tarixlərində AEM-də qonaq olmuş, treninqlər keçmiş və əməkdaşlarla fikir mübadiləsi apararaq yaxından tanış olmuşdular. AEM-in əməkdaşları aparılan təlimləri maraqla dinləmiş və onları maraqlandıran sualları verərək müzakirələr aparmışdılar. Bu səpkidə olan görüşlərin mütəmadi təşkil olunması, mütəxəssislərə qarşılıqlı təcrübə mübadiləsi aparmaq imkanı yaradır ki, bu da öz növbəsində gələcək perspektivlər üçün çox əhəmiyyətlidir.