AEM kollektivi dahi liderimiz Heydər Əliyevi dərin hörmət və sevgi ilə yad etdi

2018-12-12

   12 dekabr tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət, tarixin unudulmaz liderlərindən olan Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.
   Artıq illərdir ki, AEM-də dahi lideri anma tədbiri ənənə şəkli almışdır. Bununla əlaqədar olaraq Mərkəzin akt zalında toplaşan Analitik Ekspertiza Mərkəzinin əməkdaşları bir dəqiqəlik sükutla unudulmaz lider Heydər Əliyevin ruhunu yad etmiş, rəhmət diləmişlər. Daha sonra mərhum prezidentimiz ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyi, təhlükəsizliyi və inkişafı uğrunda atdığı mühüm, həlledici addımlarını əks etdirən sənədli filmə baxmışdılar.
   Heydər Əliyev üçün biz çoxlu titullar deyə bilərik. Ümummilli lider, Ulu öndər, Azərbaycan Respublikasının siyasi rəhbəri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, müstəqil Azərbaycan Respublikasının Prezidenti və s. Bunlar əlbəttə ki, hamısı bir titul, bir vəzifədir. Amma Heydər Əliyev şəxsiyyəti bütün bunların hamısının fövqündə duran bir nümunədir. O, bir millət fədaisi idi, xalq fədaisi idi. Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxarmağı qarşısına məqsəd qoymuşdu. Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı qarşısına məqsəd qoymuşdu. Müstəqil Azərbaycan dövlətinin əbədi olmasını qarşısına məqsəd qoymuş böyük dövlət xadimi idi. Prezidentlikdən tutmuş digər titul və vəzifələr isə Onun üçün, məhz, bu məqsədləri həyata keçirmək üçün bir mexanizm və vasitə idi. Ona görə də, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Xalqımız var olduqca O, da yaşayacaqdır.
Allah rəhmət eləsin!