“Dünya Antibiotikdən Düzgün İstifadə Həftəsi” başladı

2018-11-14

   Mikrob əleyhinə dərmanlara davamlılıq Dayanıqlı İnkişaf Məqsədlərinin əldə edilməsi qarşısında getdikcə daha ciddi təhlükə halına gəlir. Mikrob Əleyhinə Dərmanlara Davamlılığın səbəb olduğu zərərləri azaltmaq, onların qarşısını almaq və idarə etmək üçün müxtəlif tədbirlər planının həyata keçirilməyi zəruridir. Mikrob əleyhinə dərmanlara davamlılığa qarşı olan diqqətin artırılması, onun gələcəkdə daha da yayılmasının, səbəb ola biləcəyi fəsadların aradan qaldırılması üçün ümumi ictimaiyyət, səhiyyə işçiləri, veterenarlar, kənd təsərrüfatı işçiləri və siyasətçilər arasında təcrübə mübadiləsinə şəraitin yaradılması əsas məqsədlərdən biridir. 
   Bu qlobal təşəbbüsü dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd təsərrüfatı Təşkilatı Azərbaycandakı Əməkdaşlıq və Əlaqə Bürosunun birgə təşəbbüsü ilə Bakıda Dünya Antibiotikdən Düzgün İstifadə Həftəsi çərçivəsində “Bir Sağlamlıq” yanaşması mövzusunda “dəyirmi masa” keçirilib. 
   Tədbiri ÜST-ün Azərbaycandakı ofisinin rəhbəri xanım Fatoş Hande Harmancı açaraq antibiotiklərin sağlamlıqdakı rolundan və ondan düzgün istifadə barədə məlumat verib. Həmçinin qeyd olunub ki, insan, heyvan və ətraf mühit bir-biri ilə sıx əlaqədədir və antibiotiklərin zərərli təsirinə qarşı bu üç amilin birgə mübarizəsi tələb olunur. Onun verdiyi məlumata görə xəstəliklərin 60 faizi mənşəyini heyvanlardan götürür. Məhz bu səbəbdən həkimlər, baytarlar, həmçinin ictimaiyyət nümayəndələri öz səylərini birləşdirilməlidir. 
   BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak və Səhiyyə Nazirliyinin nümayəndəsi Nəzifə Mürsəlova “Antibiotik həftəsi” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıblar. Qeyd olunub ki, dünyanın 42 ölkəsində heyvanlarda istifadə edilən antibiotiklərin statistikası aparılır. Bu statistik göstəricilərə əsasən hər il təxminən 60 min ton antibiotikdən istifadə edilir.
   Qida Təhlükəsizliyi Agentliyinin baş məsləhətçisi Mehriban Vəliyeva bu sahədə aparılan işlər, Azərbaycan Tibb Universitetinin təhsil keyfiyyəti və innovasiyalar şöbəsinin rəhbəri, professor Akif Qurbanov isə infeksion xəstəliklər zamanı mikrob və viruslara qarşı mübarizədə antibiotiklərdən istifadə edilməsi qaydaları haqqında məlumat veriblər.
   Analitik Ekspertiza Mərkəzinin direktoru və əməkdaşlarının da iştirak etdikləri tədbirdə bildirilib ki, Dünya Antibiotikdən Düzgün İstifadə Həftəsinin əsas hədəfi insan, heyvan və ətraf mühit sağlamlığının “Bir sağlamlıq” yanaşmasında birləşməsidir. Dünyada bu problemin həllində uğur qazanmaq üçün “Bir sağlamlıq” yanaşması yeganə yoldur.