AEM və Qida Təhlükəsizliyi Agentliyi arasında BFMQƏ-ə dair Memorandum imzalanıb.

2018-10-19

AEM və Qida Təhlükəsizliyi Agentliyi arasında BFMQƏ-ə dair Memorandum imzalanıb.

       Azərbaycan Respublikasının Dərmanlar haqqında qanununa əsasən BFMQƏ-nin dərman vasitəsi olub olmamasının ekspertizası Nazirlər Kabinetinin qərarına uyğun Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılır. 13 noyabr 2017-ci il tarixli 1681 nömrəli “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 3.0.33-20-ci yarımbəndinə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. 
       Bu qərarları rəhbər tutaraq AEM və Qida Təhlükəsizliyi Agentliyi arasında bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
      Anlaşma Memorandumunun əsas məqsədi bioloji fəallığa malik qida əlavələrinin insan sağlamlığına potensial təhlükəsinin müəyyənləşdirilməsi, bu sahədə birgə tədbirlərin həyata keçirilməsidir. BFMQƏ-in dərman vasitəsi olub olmamasının müəyyən olunması çox vacib məsələlərdəndir. Bir çox hallarda əhali məlumatsızlıqdan BFMQƏ-dən müalicə məqsədilə istifadə edirlər lakin bilməlidirlər ki, onlardan yalnız qida rasionunu zənginləşdirmək üçün istifadə olunmalıdır. Çünki BFMQƏ-in terapevtik təsiri olmur və olmamalıdır. 
     Bioloji fəallığa malik qida əlavələri ilə bağlı normativ hüquqi aktların, normativ-texniki sənədlərin, norma və qaydaların beynəlxalq standartlara uyğun olaraq hazırlanması, təhlillərin aparılması, mövcud qanunvericliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması sahəsində tərəflərin mütəxəssislərinin iştirakı ilə birgə işçi qruplarının yaradılması istiqamətində tədbirlər görüləcək. BFMQƏ sağlamlıq üçün önəmli olduğundan iki qurum arasında informasiya mübadiləsi birgə əməkdaşlıq vacibdir.