“Oksiam – B” göz damcısına verilən gigiyenik sertifikata açıqlama

2017-12-15

   Mətbuatda yayılan Türkiyənin “Universe Pharma İlaç San. ve Tic. Ltd Şti” şirkətinin istehsalı olan “Oksiam – B” göz damcısına Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya-Karantin Müfəttişliyi tərəfindən gigyenik sertifikatın verilməsi xəbəri ilə bağlı bildiririk ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyası tərəfindən laborator analizi aparılan və saxta olduğu müəyyən edilən “Oksiam – B” göz damcısı həm tərkib, həm də qablaşdırmasında bəzi nüanslara görə Sanitariya-Karantin Müfəttişliyinə gigiyenik sertifikat verilməsi üçün təqdim olunan nümunədən fərqlənir. Belə ki, gigiyenik sertifikat üçün təqdim olunan “Oksiam-B” göz damcısının qablaşdırmasında tərkib hialuron turşusu 0,2%  və B12 vitamini 50 mkq göstərildiyi halda, satışda olan və ekspertiza üçün təqdim olunan “Oksiam-B” göz damcısı nümunəsinin qablaşdırması üzərində tərkibində hialuron turşusu 0,2% və B12 vitamini 50 mkq ilə yanaşı, sitikolin 2% olduğu qeyd olunmuşdur. Aparılan laborator analiz nəticəsində isə nümunənin qutusunun üzərində göstərilmiş miqdarla müqayisədə sitikolin təsiredici maddəsinin çox az olması, həcminin 8.6 ml olması (qablaşdırmanın üzərində 10 ml göstərildiyi halda), “pH” göstəricisinin istehsalçının analiz sertifikatında göstərilən yuxarı limitdən çox olması, nümunənin ilkin qablaşdırmasında olan məhlunun istehsalçının analiz sertifikatında göstərdiyi kimi xarici görünüşünün rəngsiz deyil, açıq çəhrayı rəngdə olması aşkar edilmişdir. 
Sertifikatla təmin olunan tibb vasitəsinin qablaşdırması və saxta vasitənin qablaşdırması arasında fərqlərə gəldikdə isə, bildiririk ki, sertifikat üçün təqdim olunan nümunənin üzərində həcmin 10 ml olması göstərilmiş, lakin satışda olan nümunənin qablaşdırması üzərində həcm göstərilən hissə boş saxlanılmışdır. Həmçinin sertifikatla təmin olunan nümunənin qablaşdırmasında rənglər solğun və yazılar qabarıq olmadığı halda, əksinə, saxta nümunənın qablaşdırması üzərində rənglər parlaq, yazılar isə qabarıq formadadır. Bundan əlavə saxta nümunənin qablaşdırması içərisində istehsalçı şirkətin əmtəə nişanı göstərilmişdir. Bununla da, Səhiyyə Nazirliyi Sanitariya-Karantin Müfəttişliyinə gigiyenik sertifikat üçün təqdim olunan və müvafiq sertifikatla təmin edilən “Oksiam – B” göz damcısının satışda olan “Oksiam – B” göz damcısından fərqləndiyi və satışda olan vasitələrin saxta olduğu müəyyən edilmişdir.