ÜST-ün daha bir Seminarı və daha bir sertifikat

2017-10-19

   2017-cı ilin 25-27 sentyabr tarixində Rumıniyanın Buxarest şəhərində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “Orta gəlirli ölkələrdə immunizasiyadan sonra yaranan əlavə təsirlərə nəzarət,əlaqəndirici səbəblərin qiymətləndirilməsi” ilə bağlı subregional Seminar təşkil olunmuşdur. Həmin Seminarda AEM-nin əməkdaşı iştirak etmişdir. Seminar maraqlı eyni zamanda əhəmiyyətli olmuşdur. Belə ki, Seminarda vaksinlərin təhlükəsizliyi məsələlərinə aid bir çox suallar araşdırılmış, bu sahənin diqqət mərkəzində saxlanılması vurğulanmış, fəal müzakirələr edilmiş, həmçinin dövlətlərarası və beynəlxalq səviyyədə əməkdaşlığın qurulması məsələlərinə baxılmışdır. Keçən dövr ərzində vaksinlərə nəzarət qaydaları və həmçinin bu prosesdə farmakonəzarətin rolu dəyişmişdir. Dünyada farmakonəzarətin tətbiqi sahəsində yeni hüquqi qanunlar yaranmış, vaksinlərin təhlükəsizliyinə dair məlumatların alınmasının yeni üsulları formalaşdırılmış. Seminarda vaksinlərin təhlükəsizliyi və dövlət immunizasiya proqramlarına baxılmışdır.
   Seminarda 12 ölkədən 41 iştirakçı və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri, Rumıniya Səhiyyə Nazirliyi rəhbərliyi, Rumıniya İmmunizasiya Mərkəzinin rəhbəri və qonaqlar iştirak ediblər. Seminar yüksək səviyyədə 2 dildə rus və ingilis dilində təşkil olunmuşdur. Bu cəhətdən əlaqələrin qurulması və təcrübə mübadiləsi baxımından da konfransın əhəmiyyətini qeyd etmək lazımdır. Bundan başqa epidnəzarət sistemində olan problemli məsələlərin müzakirəsi dəyirmi stollarda müzakirə edildi. Bu əsnada əksər ölkələrin farmakonəzarət üzrə səlahiyyətli nümayəndələri ilə əlaqələr quruldu. Hazirki zamanda epidnəzarət sistemimizin qurulması və müvafiq qanunvericiliyimizin qurulması üçün bu görüşlər və təcrübə mübadiləsi çox əhəmiyyətli oldu.
   Seminarın sonunda hər ölkə tərəfindən 2 illik fəaliyyət planı hazırlanmış, iştirakçılar bir çox materiallarla təmin olunmuşdur. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müvafiq sertifikat təqdim olundu.