Optika mağazasına olan tələblər


                                                                                                                                          Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
02.10.2006-cı il tarixli 153 nömrəli əmri ilə
təsdiq edilmişdir əlavə № 4
 
TƏLƏBLƏR 

1. Ümumi müddəalar
1.1. Bu tələblər optika mallarının satışını tənzimləmək məqsədilə hazırlanmışdır.
1.2. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər optika mallarının satışını  həyata keçirərkən müvafiq qanunvericilik  aktları ilə  yanaşı  bu tələbləri rəhbər tutmalıdırlar. 
1.3. Optika mağazasının fəaliyyəti Səhiyyə Nazirliyinin müvafiq qurumlarının rəyi əsasında həyata keçirilir.
 
2. Optika mağazasının yerləşdirilmə normativləri
2.1. Optika mağazası ayrıca binada və yaxud qeyri-yaşayış sahəsində təşkil oluna bilər.
2.2. Optika mağazası su, kanalizasiya, istilik sistemi və kondisionerlə   təchiz olunmalıdır.
2.3. Optika mağazası müalicə-profilaktika və ya başqa təyinatlı müəssisənin strukturunda yerləşdirilərsə girişi ayrı olmalıdır.
2.4. Optik malların realizə sahəsi 15 m2-dən az olmamalıdır. Optika mağazasında  eynəklərin hazırlanması və təmiri həyata keçirildikdə bu işlə məşğul olan işçilərin sayından asılı olaraq əlavə  sahə nəzərdə tutulmalıdır. Mağaza eynəklərin saxlanılması  sahəsinə  və məişət otaqlarına malik  olmalıdır.
2.5. Optika mağazasında optik ləvazimatlarla, o cümlədən gigiyenik qeydiyyata alınmış günəş eynəkləri ilə yanaşı, optika çeşidlərinə  aid olan şəxsi gigiyena vasitələri də satıla bilər. 
2.6. Optika mağazasının adı ilə yanaşı  “Optika” sözünü, iş rejimini əks etdirən lövhə olmalıdır. 
 
3. Zəruri avadanlıqla təchizat
3.1. Optika mağazası funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar müvafiq mebel, avadanlıq və inventarla təmin olunmalıdır, o cümlədən:
  • optik eynək vasitələrinin hazırlanması, təmiri və keyfiyyətinə nəzarət üçün cihaz və texniki vasitələr;
  • optik eynəklərin saxlanması üçün şkaf və rəflər;
  • təqdim olunan malın yaxşı görünməsi üçün üfüqi və şaquli vitrinlər;
  • məlumat ədəbiyyatının saxlanması üçün siyirtməli stol və stullar;
  • ayrı-ayrılıqda xüsusi və üst geyimi, eləcə də ayaqqabı saxlanması üçün şkaflar;
  • havanın hərarətini ölçmək üçün termometr;
  • edilməsi üçün dezinfeksiyaedici maddələr və təsərrüfat inventarları.dezinfeksiya rejiminin təmin
3.2. Optika mağazasının mütəxəssislərinin iş yerləri şüşə ilə alıcılardan ayrıla bilər.  
 
4. Heyət
Eynək optikası və kontakt linzalarının  satışı ilə optik, həkim-oftalmoloq ixtisası olan, yaxud əmək stajı 3 ildən az olmayan mütəxəssislər məşğul olmalıdırlar.
 
5. Bu tələblərin  pozulmasına görə  məsuliyyət
Bu tələbləri pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə  müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.