Əczaçılıq və dərman vasitələrinin dövriyyəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin maddələri


Maddə 210. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma
 
Maddə 210.1. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə -
fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
 
Maddə 221. Dərman vasitələrinin qanunsuz dövriyyəsi
 
Maddə 221.1. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə -
inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə “az miqdar” dedikdə, min manatadək olan məbləğ başa düşülür.
 
Maddə 221.4. Bu Məcəllənin 221.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -
inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 229.1. Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılması[600]
Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə -
nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, onların hər birinə görə fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər yüz əlli manat miqdarında cərimə edilir.
 
Maddə 413. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı 
Nəzarət markalarının qəsdən məhv edilməsinə, saxtalaşdırılmasına, qeyri-qanuni yolla hazırlanmasına, istifadəsinə və satışına görə- 
Azərbaycan Respublikasının “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dərman vasitələri haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunlarının tələblərinin pozulması ilə hazırlanan (istehsal edilən), istifadə edilən və ya satılan nəzarət markaları, habelə onların hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
 
Maddə  428. Reklam haqqında qanunvericiliyin pozulması
 
Maddə 428.4. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin, istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, yaxud tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının, habelə bioloji fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı barədə məlumat verilmədən reklam edilməsinə görə -
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
 
Maddə 452. Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması
 
Maddə 452.1. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə- 
yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
Maddə 452.2. Aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satılmasına görə- 
üç yüz əlli manat məbləğində cərimə edilir.