Haqqımızda


   Səhiyyə Nazirliyinin təşəbbüsü ilə dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətini daha da gücləndirmək və əczaçılıq bazarı iştirakçılarının fəaliyyətləri zamanı ortaya çıxan problemləri tənzimləmək məqsədilə 2007-ci ildə Analitik Ekspertiza Mərkəzi (sonradan – Mərkəz) yaradılmışdır.
   Mərkəzin fəaliyyəti Azərbaycan Respublikasının bu sahəni  tənzimləyən müvafiq qanunvericiliyinə əsaslanır. Son illərdə AEM-nin fəaliyyəti əhəmiyyətli dərəcədə genişləndirilmişdir. Mərkəz hal-hazırda Avropa və ABŞ Farmakopeyalarının müşahidəçi üzvüdür. AEM həmçinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Qlobal Fond, Uppsala Monitorinq Mərkəzi və s. kimi beynəlxalq və özəl təşkilatlar ilə əməkdaşlıq edir.
   AEM rəsmi internet səhifəsi və “Tibb qəzeti” vasitəsilə ən son xəbər və məlumatları əhali ilə bölüşür. Internet səhifəsinə qanunvericilik sənədləri, dərman vasitələrinin idxalı və dövlət qeydiyyatı prosesi, dərmanların qeydiyyat statusu, bazarda mövcud olan dərman vasitələrinin seriyaları, qadağan olunmuş və keyfiyyətsiz dərmanların siyahısı və əczaçılıq sektorundakı ən son xəbərlər kimi faydalı məlumatlar yerləşdirilir.
   AEM Azərbaycan Tibb Universitetinin tədris və təlim mərkəzi kimi də fəaliyyət göstərir. Universitetin Əczaçılıq fakültəsinin tələbələri AEM-də ixtisaslaşdırılmış kurslar və təlimlərdə iştirak edirlər. Həmçinin Mərkəzdə Azərbaycan Tibb Universitetinin müəllimlərinin və aspirantlarının elmi-tədqiqat işlərinin aparılması və tələbələrin əczaçılıq kimyası fənni üzrə istehsalat təcrübəsi məşğələlərinin keçməsi üçün lazımi şərait yaradılmışdır. İldən-ilə  Mərkəzin maddi-texniki bazası daha da gücləndirilir, mütəxəssislərimiz mütəmadi olaraq ÜST-nin xətti ilə müvafiq təlim və kurslarda iştirak edərək peşəkarlıq səviyyəsini daha da artirirlar. Belə ki, Mərkəz, Beynəlxalq səviyyədə keçirilən müxtəlif profilli laboratoriyaların iştirak etdiyi bir çox sayda Peşəkarlıq Testlərində iştirak etmişdir, bu cür ciddi yarışmaya ilk dəfə qoşulmağımıza baxmayaraq, layiqli yerlər tutulmuşdur.