DVKYL haqqında


   Dünya təcrübəsində bəzi ölkələrdə tətbiq edilən və həmçinin Azərbaycanda fəaliyyət göstərən Analitik Ekspertiza Mərkəzinin Dərman Vasitələrinin Keyfiyyətinin Yoxlanılması Laboratoriyası (DVKYL) Respublikamıza qanuni və qeyri-qanuni  yollarla idxal olunan dərman vasitələrinin keyfiyyətinə nəzarəti təmin etmək və əhalinin sağlamlığının qorunması məqsədilə yaradılmışdır. Laboratoriyada həyata keçirilən tədqiqatların həqiqətən tam dəqiqliklə yerinə yetirilməsi üçün yüksək kimyəvi saflığa malik reaktivlərdən, həssas və dəqiq avadanlıqlardan istifadə olunur. Mərkəzin Laboratoriyası mütəmadi olaraq, müasir tələblərə uyğun avadanlıqlarla təchiz olunaraq dünya üzrə qabaqcıl laboratoriyalar içərisində layiqli yerə sahib olmaq məqsədilə 2014-cü ildən etibarən Peşəkarlığın Yoxlanılması Testi Layihəsində müxtəlif mövzuda keçirilən beynəlxalq yarışmalarda iştirak edir və əldə edilən nəticələr laboratoriyanın fəaliyyətinin müasir tələblərə cavab verdiyini bir daha isbat edir. 
   Dərman Vasitələrinin Keyfiyyətinin Yoxlanılması Laboratoriyasının mütəxəssisləri bir çox beynəlxalq təlim və kurslarda iştirak etmiş və müvafiq sertifikatlara layiq görülmüşlər. Bundan başqa, Mərkəz 2013-cü ildə İSO 17025 “Sınaq və kalibrləmə laboratoriyasının səlahiyyətlərinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunmüş və Mərkəzin Laboratoriyası İSO/İEC 17025:2009 akkreditasiya sertifikatı aldıqdan sonra Beynəlxalq təşkilat kimi fəaliyyət göstərən Qlobal Fondun akkreditasiya olunmuş laboratoriyaları siyahısına daxil edilmişdir. Bütün bunlar görülən işlərin yüksək peşəkarlıqla icra olunduğunun sübutudur. 
   Mərkəzin Laboratoriyası respublikaya idxal edilmiş, dövlət reyestrində qeydiyyatdan keçmək üçün daxil olmuş, vətəndaşlar və hüquqi şəxslər tərəfindən müraciətlərə əsasən keyfiyyəti şübhə doğuran dərman vasitələrinin keyfiyyətinin yoxlanılmasını həyata keçirir. Həmçinin, bioloji fəallığa malik qida əlavələrinin ekspertizasının aparılmasında iştirak edir.