2. Əsas anlayışlar


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
 
 
 
 
2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. bioloji fəallığa malik qida əlavələri (BFMQƏ) - qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq, gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullar;
2.1.2. yol verilən maksimal istifadə həddi - BFMQƏ-nin sutkalıq istifadəsinin təhlükəsiz olduğu ən yüksək hədd;
2.1.3. BFMQƏ-nin ekspertizası - BFMQƏ-nin dərman vasitəsinə aid olub- olmamasının müəyyən edilməsi məqsədi ilə həyata keçirilən tədbirlərin məcmusu;
2.1.4. ekspertiza rəyi - BFMQƏ-nin ekspertizasının nəticələrinə dair rəsmi sənəd;
2.1.5. bioloji fəal maddələr - kiçik konsentrasiyalarda yüksək fizioloji fəallığa malik olan maddələr;
2.1.6. qida komponentləri - mürəkkəb və çoxkomponentli sistem olan qidanın tərkib hissələri;
2.1.7. aktiv komponentlər - BFMQƏ-nin tərkibində olan təsiredici maddələr;
2.1.8. HACCP (Hazard Analyşis and Critical Control Points - Təhlükə Analizləri və Kritik Nəzarət Nöqtələri) - sağlam qida istehsalı üçün müəssisələrdə gigiyena standartlarının müəyyən edilməsi, bu standartların təmin olunması, istehsal və xidmət mərhələlərində istehlakçıların sağlamlığı üçün potensial risk yarada biləcək səbəblərin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılmasına əsaslanan məhsulun etibarlılığı sistemi;
2.1.9. GMP (Good Manufacturing Practice - Etibarlı İstehsalat Təcrübəsi) - dərman və tibb vasitələrinin, qidaların, BFMQƏ-nin, aktiv komponentlərin istehsal qaydalarını, istehsala dair göstərişləri və normalar sistemini müəyyən edən beynəlxalq standart.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Dərman vasitələri haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunları və başqa normativ hüquqi aktlar ilə müəyyən edilmiş mənaları ifadə edir.