Özəl tibb fəaliyyəti haqqında


Özəl tibb fəaliyyəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
Bu Qanun özəl tibb fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyir, onların hüquq və vəzifələrini, bu fəaliyyətin təşkilati-hüquqi əsaslarını müəyyən edir.
 
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
  • özəl tibb fəaliyyətinin subyektləri - tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər;
  • özəl tibbi fəaliyyət - qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi;
  • özəl tibbi praktika - ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət;
  • özəl tibb müəssisəsi - əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan tibb müəssisəsi;
  • tibbi yardım - xəstəliklərin, zəhərlənmələrin, travmaların profilaktikası və diaqnostikası, xəstələrin müalicəsi və reabilitasiyası, hamiləliyin müşahidəsi, doğuşun qəbulu və doğuşdan sonrakı dövrlərin müşahidəsi;
  • tibbi xidmət - müqavilə üzrə müəyyən növ və həcmdə göstərilən əvəzi ödənilən tibbi yardım;
  • tibbi yardımın standartları - müəyyən növ tibbi yardımın norma, qayda və xüsusiyyətlərinə, onun nəticəsinə dair tələblərin siyahısı;
  • əhaliyə tibbi yardım göstərilməsi üzrə dövlət təminatı proqramları (bundan sonra - dövlət təminatı proqramları) - əhaliyə büdcə vəsaiti hesabına göstərilən tibbi yardımın növünü, həcmini və şərtlərini müəyyən edən normativ hüquqi aktlar.
Maddə 2. Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
Maddə 3. Özəl tibb fəaliyyəti subyektlərinin vəzifəsi
Özəl tibb fəaliyyətinin subyektləri dövlət və bələdiyyə səhiyyə müəssisələri ilə yanaşı, səhiyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsinə və əhalinin sağlamlığının qorunmasına təminat yaradır.
 
II fəsil
ÖZƏL TİBBİ FƏALİYYƏTİN VƏ ÖZƏL TİBBİ PRAKTİKANIN TƏNZİMLƏNMƏSİ
Maddə 4. Özəl tibb müəssisəsinin yaradılması, fəaliyyəti və ləğv edilməsi
Özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə digər qaydalar nəzərdə tutulmayıbsa, xarici ölkələrin hüquqi və fiziki şəxsləri, eləcə də Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən özəl tibb müəssisələri qanunvericiliklə müəyyən olunmuş qaydada yaradıla bilər.
Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik  mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər.[1]
Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.[2]
Özəl tibb müəssisəsinin akkreditasiyası tibb işçilərinin peşə birliklərinin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
“Özəl tibb müəssisələrinin tibb işçiləri “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir.[3]
Özəl tibb müəssisəsinin yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.
Özəl tibb müəssisəsi ləğv edildikdə tibbi sənədlər müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bir ay müddətində qanunvericiliklə müəyyən olunmuş qaydada yaradılan ləğvetmə komissiyasına verilir.
Maddə 5. Özəl tibbi praktikanın həyata keçirilməsi və ona xitam verilməsi
Ali və ya orta tibb təhsili olan, qanunla müəyyən edilmiş hallarda sertifikasiyadan keçmiş, qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi fəaliyyətin müəyyən növünə uyğun xüsusi razılıq alan və qanunla müəyyən edilmiş hallarda peşə üzrə müvafiq hazırlıq keçən, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun tibbi iş stajı olan Azərbaycan Respublikasının vətəndaşları özəl tibbi praktika ilə məşğul ola bilərlər. [4]
Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün şərtlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
“Özəl tibbi praktika ilə məşğul olan şəxslər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir.[5]
Özəl tibbi praktikaya qanunvericiliklə müəyyən olunmuş qaydada xitam verilir.
Özəl tibbi praktikaya xitam verilməzdən əvvəl, iki həftədən gec olmayaraq, yaxud tibbi yardımın göstərilməsi üzrə müqavilədə göstərilən müddətdə aidiyyəti müәssisәlәrә və xəstələrə bu barədə məlumat verilməlidir.
Maddə 6. İlkin tibbi-sanitariya yardımının göstərilmə şərtləri
Özəl tibb fəaliyyətinin subyektləri tibbi sığorta təşkilatları ilə, eləcə də xəstələrlə bağlanmış müqavilələr əsasında ilkin tibbi-sanitariya yardımı göstərirlər.
Maddə 7. Tibbi yardım göstərilməsi barədə müqavilə
Özəl tibb müəssisəsi və özəl tibbi praktika ilə məşğul olan şəxs tərəfindən tibbi yardım göstərilməsi barədə müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir.
Özəl tibb fəaliyyəti subyektlərinin icbari tibbi sığorta proqramlarında iştirak edib-etməməsindən asılı olmayaraq, icbari tibbi sığorta qaydalarına əsasən əhaliyə təcili tibbi yardım göstərən özəl tibb fəaliyyətinin subyektlərinə ödəniş bu şəxslərin sığortalandığı tibbi sığorta təşkilatları tərəfindən həyata keçirilir.
Maddə 8. Özəl tibb fəaliyyəti subyektlərinin dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının, habelə bələdiyyə proqramlarının həyata keçirilməsində iştirakı
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər müsabiqə əsasında icbari tibbi sığorta, dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının, habelə bələdiyyə proqramlarının həyata keçirilməsində iştirak edə bilərlər.
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərə dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarında iştirak etmək hüququ verən müsabiqələrin keçirilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müsabiqə komissiyasının tərkibinə paritet əsasında müvafiq icra hakimiyyəti orqanının, həmkarlar ittifaqlarının, tibb işçilərinin ictimai birliklərinin və özəl tibb müəssisələrinin, tibbi sığorta təşkilatlarının nümayəndələri daxil olurlar.
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində iştirak etmələri barədə müqavilələr, onların icbari tibbi sığorta proqramlarında iştirakı hallarında, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, habelə tibbi sığorta təşkilatları ilə bağlanır.
Bu müqavilələrdə:
  • tibbi yardımın keyfiyyətinə tələblər;
  • tibbi yardımın həcmi;
  • tibbi yardıma görə ödənişin şərtləri və qaydaları;
  • tibbi yardımın keyfiyyətinə nəzarət qaydaları;
  • müqavilə üzrə özəl tibbi fəaliyyət haqqında qeydiyyat və hesabat qaydaları müəyyən edilir.
Maddə 9. Tibbi sənədləşmələr və hesabatlar
Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.
Müvafiq icra hakimiyyəti orqanı ödəniş əsasında özəl tibb müəssisələrini, özəl tibbi praktika ilə məşğul olan şəxsləri əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə vərəqələr, doğum və ölüm haqqında arayışlar, güclü təsir göstərən, zəhərlimaddələr, tərkibində narkotik vasitələr və psixotrop maddələr olan dərmanların resept blankları da daxil olmaqla, ciddi hesabatlı dövlət nümunəli tibbi sənədlərin blankları ilə təmin edir.[6]
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar.
Maddə 10. Dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın özəl tibb fəaliyyəti subyektlərinin müvəqqəti istifadəsinə verilməsi
Dövlət və bələdiyyə mülkiyyətində olan, habelə dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində istifadə olunmayan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibb fəaliyyəti subyektlərinin müvəqqəti istifadəsinə verilə bilər.
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər səhiyyə üçün nəzərdə tutulan, tam tikilməyən və əsaslı təmirə ehtiyacı olan binaları müsabiqə yolu ilə müvəqqəti istifadə üçün əldə etmək, dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarında iştirak etmək şərti ilə onların beş ildən az olmayaraq, tibbi yardım göstərmək üçün istifadə olunmasına əməl etməlidirlər.
Maddə 11. Mübahisələrin həlli qaydası
Özəl tibb fəaliyyətinin subyektləri arasında, eləcə də həmin subyektlərlə digər hüquqi və fiziki şəxslər arasında yaranan mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll edilir.
Maddə 12. Özəl tibb fəaliyyətinin maliyyələşdirilmə mənbələri
Özəl tibb fəaliyyəti hüquqi və fiziki şəxslərin vəsaitləri, icbari və könüllü tibbi sığorta vəsaitləri, qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Özəl tibb fəaliyyəti subyektlərinin dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində iştirakı onları bu işə dəvət edən (razılıq verən) müvafiq icra hakimiyyəti orqanının vəsaiti və icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdirilir.
Maddə 13. Tibbi yardıma görə ödəniş
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş:
  • bilavasitə xəstələrlə bağlanmış müqavilələr;
  • üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr;
  • icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə tibbi sığorta təşkilatları ilə bağlanmış müqavilələr;
  • xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir.
Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla (o cümlədən könüllü tibbi sığorta üzrə tibbi xidmətlər göstərilməsinə dair sığorta təşkilatları ilə) müqavilələr çərçivəsində göstərdikləri tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir.
Özəl tibb fəaliyyəti subyektlərinin icbari tibbi sığorta proqramında iştirakından asılı olmayaraq, ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş icbari tibbi sığorta qaydalarına əsasən tibbi sığorta təşkilatı tərəfindən həyata keçirilir.
Maddə 14. Özəl tibb müəssisələrindən və özəl tibbi praktika ilə məşğul olan şəxslərdən vergi tutulması
Özəl tibb müəssisələrindən və özəl tibbi praktika ilə məşğul olan şəxslərdən qanunvericiliklə müəyyən olunmuş qaydada vergi tutulur.